Apple” loqosunun keçmişdən günümüzədək təkamülünü və hansı məhsullarla yeniləndiyini sizinlə paylaşırıq.
2022-ci ildə ən yüksək bazar dəyərinə sahib texnologiya şirkətləri siyahısının başında duran “Apple” loqotipinin təkamülünü araşdırdıq.
Ötən illər ərzində “Apple” loqosunun təkamülü sizi təəccübləndirməyə bilər. Demək olar ki, hamısı hazırki dişlənmiş almaya çox bənzəyirlər. Əvvəlcə bildirək ki, 1976-cı ildə Stiv Jobs və Ronald Veyn tərəfindən hazırlanmış alma ağacının altında oturan İ.Nyutonun olduğu ilk loqo çoxlarına məlum deyil.
Nyutondan sonra ilk dəfə dişlənmiş alma loqosu təqdim olunur. Bu, 1977-ci ildə baş verir. İçərisində göy qurşağı rəngləri olan bu loqo 1998-ci ilə qədər istifadə olunur. Daha sonra Stiv tərəfindən təqdim edilən “iMac G3” ilə loqotip bu dəfə şəffaf su rəngini alır.
“G3” modeli ilə birlikdə gələn loqonun ömrü çox da uzun sürmür. Belə ki, həmin il “Apple” qara alma loqosundan istifadə etməyə başlayır. Bu loqo yüksək qiymətləndirilsə də, 2001-ci ildə “iTunes” və “iPod”un istifadəyə verilməsi ilə növbəti dəfə dəyişir.
Sözügedən yeni dizayn da 2007-ci ildə tarixə qovuşur. Nəhayət, “Apple” 2014-cü ildə 1998-2000-ci illərdə istifadə etdiyi təkrəngli qara loqoya keçid edir. Bu loqo günümüzədək istifadə olunur.