Apple ABŞ-də yeni Apple Upgrade proqramını təqdim edib.
Xidmət istifadəçilərə iPhone modellərini aylıq 17,99 dollardan başlayan ödənişlə 1 və ya 2 il müddətinə icarəyə götürmək imkanı yaradır. Proqram Klarna ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və istifadəçilərə cihazı birdəfəlik almaq əvəzinə aylıq ödəniş modeli təklif edəcək.
Proqramın şərtlərinə əsasən, icarə müddəti başa çatdıqdan sonra istifadəçilər cihazı geri qaytara, əlavə ödəniş etməklə tam şəkildə satın ala və ya daha yeni iPhone modelinə keçə biləcəklər. Apple bildirib ki, gələcəkdə bu model yalnız iPhone-larla məhdudlaşmayacaq – Apple Watch, iPad və Mac cihazları üçün də oxşar icarə seçimləri təqdim ediləcək.
Şirkət hesab edir ki, bu yanaşma bahalı texnologiya məhsullarını daha əlçatan edəcək və istifadəçilərin cihazlarını daha tez yeniləməsinə imkan yaradacaq. Eyni zamanda Apple üçün də müntəzəm gəlir modeli formalaşdıracaq və istifadəçilərin ekosistemdə qalmasını təşviq edəcək.
Yeni Apple Upgrade proqramı ABŞ-da uzun illər fəaliyyət göstərən iPhone Upgrade Program-ı əvəz edəcək. Analitiklərin fikrincə, bu model uğurlu olacağı təqdirdə gələcəkdə digər bazarlarda da tətbiq oluna və premium elektronika bazarında cihazların icarəsi modelinin daha da geniş yayılmasına səbəb ola bilər.



