Apple Telegram-ı qısa müddətlik App Store-dan çıxardı.
Apple, Telegram platformasında uşaq cinsi istismarı ilə əlaqəli qanunsuz məzmunun aşkarlanmasından sonra tətbiqi qısa müddətlik App Store-dan çıxarıb. Bu müddətdə tətbiq ABŞ, Hindistan, Avstraliya və Sinqapur da daxil olmaqla bəzi ölkələrdə istifadəçilər üçün müvəqqəti olaraq əlçatmaz olub. Qərar App Store-un təhlükəsizlik və məzmun siyasətinə uyğun şəkildə qəbul edilib.
Apple-ın məlumatına görə, Telegram pozuntuya səbəb olan məzmunu operativ şəkildə silib, onu paylaşan hesabı bloklayıb və tələb olunan tədbirləri gördükdən sonra tətbiq yenidən App Store-da istifadəyə verilib. Telegram isə açıqlamasında bildirib ki, platformada qanunsuz məzmunla mübarizə davam etdirilir və təkcə bu il uşaq istismarı materialları ilə əlaqəli 300 mindən çox qrup və kanal silinib.
Hadisə mesajlaşma platformalarında məzmun moderasiyası və istifadəçi təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə böyük platformaların qanunsuz məzmunun aşkarlanması, silinməsi və hüquq-mühafizə orqanları ilə əməkdaşlığı son illərdə daha ciddi nəzarət altındadır.
Telegram son dövrlərdə təhlükəsizlik siyasətini gücləndirmək istiqamətində bir sıra addımlar atsa da, platforma vaxtaşırı qanunsuz məzmunun yayılması ilə bağlı tənqid olunur. Şirkətin həmtəsisçisi Pavel Durovun da daha əvvəl müxtəlif ölkələrdə platformadakı qanunsuz fəaliyyətlərlə bağlı hüquqi araşdırmaların predmetinə çevrilməsi bu mövzunu beynəlxalq gündəmdə saxlayan amillərdən biri hesab olunur.



