Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması və vahid tarixçə sisteminin yaradılması təklif edilib.
Təşəbbüsə əsasən, hər bir nəqliyyat vasitəsi üçün ölkəyə idxal olunduğu andan etibarən bütün əsas məlumatların vahid rəqəmsal platformada toplanması nəzərdə tutulur. Bu sistem avtomobilin keçmişi barədə daha şəffaf və etibarlı məlumat əldə etməyə imkan yarada bilər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Fərid Kazımovun sözlərinə görə, platformada avtomobilin ölkəyə giriş tarixi, texniki baxışları, qəza və təmir qeydləri, servis tarixçəsi, eləcə də digər istismar məlumatlarının saxlanılması planlaşdırılır. Bildirilib ki, sistemə dövlət qurumları ilə yanaşı, rəsmi dilerlər, texniki servis mərkəzləri və avtomobil sahibləri də müəyyən səlahiyyətlər çərçivəsində çıxış əldə edə bilərlər.
Təklifin məqsədi ikinci əl avtomobil bazarında şəffaflığı artırmaq, alıcıların nəqliyyat vasitəsinin real vəziyyəti haqqında daha dolğun məlumat əldə etməsini təmin etmək və saxtalaşdırılmış məlumatlar əsasında həyata keçirilən satışların qarşısını almaqdır. Belə platformanın eyni zamanda avtomobillərin texniki vəziyyətinin izlənilməsini və servis tarixçəsinin vahid bazada saxlanılmasını asanlaşdıracağı qeyd olunur.
Fərid Kazımov bildirib ki, rəqəmsal tarixçə sistemi avtomobil bazarında etimadın güclənməsinə, dələduzluq hallarının azalmasına və alqı-satqı prosesinin daha şəffaf şəkildə həyata keçirilməsinə töhfə verə bilər. Hazırda bu təşəbbüs təklif mərhələsindədir və tətbiqi ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib.



