Azərbaycanda bir il ərzində 14 dövlət qurumunda vətəndaşların 24 milyondan çox məlumatı təmizlənib.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Data İdarəolunması Departamentinin direktoru Kamran Ağayev "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, agentlik ölkə üzrə dövlət məlumat bazalarının keyfiyyətini artırmaq məqsədilə "Milli Məlumatların Təmizlənməsi Layihəsi"ni həyata keçirir:
"Rəqəmsal inkişaf konsepsiyasına əsasən hökumət qurumlarının məlumatlarını təhlil etdik və gördük ki, əksəriyyətində məlumatlar tam təmiz deyil. Belə məlumatlarla, xüsusilə "MyGov" platforması üzərindən keyfiyyətli xidmət göstərmək mümkün deyildi. Buna görə də, ölkə üzrə məlumatların təmizlənməsi layihəsinə başladıq".
Kamran Ağayev qeyd edib ki, ilkin mərhələdə beynəlxalq platformalar və texnoloji tərəfdaşlarla əməkdaşlıq imkanları nəzərdən keçirilsə də, məlumatların məxfiliyi bu əməkdaşlığa mane olub:
"Bir çox platformalar bulud əsaslı işləyir. Yəni məlumatların emalı üçün onları xarici buluda ötürmək tələb olunur. Amma bu, məxfi və həssas məlumatlar üçün mümkün deyildi. Biz bu şirkətlərin təcrübəsindən faydalansaq da, məlumatları onlarla paylaşmaq icazəli deyildi. Hətta onların ölkəyə gələrək məlumat bazası ilə işləməsi belə qanunla yolverilməz idi. Bu, əsas maneə idi".
Məlumat təmizlənməsi dedikdə — dövlət və ya təşkilat bazalarında saxlanılan məlumatların dəqiqləşdirilməsi, təkrarlanan, yanlış və ya köhnəlmiş məlumatların silinməsi və sistemdə yalnız düzgün, aktual informasiyanın saxlanılması prosesi nəzərdə tutulur. Bu addım vətəndaşların rəqəmsal identifikasiyasını asanlaşdırır, xidmətlərin keyfiyyətini artırır və məlumat bazalarında yaranan uyğunsuzluqları aradan qaldırır.



