AzInTelecom Azərbaycanda Superkompüter Mərkəzi yaradıb.
Bu Mərkəz ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək və rəqəmsal inkişafa təkan vermək məqsədilə qurulub. Mərkəz əsasən innovasiya layihələri, biznes və dövlət layihələri üçün nəzərdə tutulub. Burada NVIDIA H200 GPU çiplərindən istifadə edilən yüksək performanslı kompüterlər yerləşdirilib. Bu kompüterlər böyük məlumatları sürətlə emal edə bilir və adi kompüterlərlə müqayisədə çox daha güclüdür.
Superkompüter Mərkəzi yerli süni intellekt layihələrinin xarici resurslardan asılı olmadan inkişafına imkan verir və dövlətə məxsus məlumatların daha təhlükəsiz şəkildə emal olunmasını təmin edir. Bu infrastruktura Azərbaycanın regionda süni intellekt sahəsində rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.
Hazırda Mərkəzin fəaliyyətinin genişləndirilməsi üçün yeni GPU çiplərinin alınması işləri davam etdirilir. AzInTelecom ölkənin ən böyük bulud xidmətləri provayderidir və Hökumət buludu layihəsini icra edir. Hazırda Bakı və Yevlaxda TIER III sertifikatlı iki data mərkəzi fəaliyyət göstərir, Abşeron və Hacıqabulda isə əlavə iki mərkəzin tikintisi davam edir.



