Azərbaycanda ali təhsil müəssisələrinin bakalavr və magistr məzunlarına diplomlar bu tədris ilindən etibarən elektron formatda təqdim olunacaq.
Elm və Təhsil Nazirliyi bununla bağlı ali təhsil müəssisələrinə müvafiq təlimatlar göndərib və yeni sistemin tətbiqi üçün hazırlıq işlərinə başlanılıb.
Yeni qaydalara əsasən, məzunlar diplomlarını dövlətin rəqəmsal xidmət platforması olan mygov üzərindən elektron sənəd kimi əldə edə biləcəklər. Elektron diplomlar rəqəmsal şəkildə təqdim olunacaq və müvafiq dövlət informasiya sistemləri ilə inteqrasiya ediləcək. Bunun sayəsində məzunlar sənədlərinə istənilən vaxt onlayn çıxış əldə edə biləcəklər. Hazırda universitetlərdə texniki və təşkilati hazırlıq işləri davam etdirilir. Təhsil müəssisələri məzun məlumatlarının elektron sistemlərə inteqrasiyası və diplomların rəqəmsal formada hazırlanması üçün zəruri prosedurları həyata keçirirlər.
Yeni sistemin tətbiqi diplomların hazırlanması və təqdim olunması prosesini xeyli sürətləndirməyi hədəfləyir. İndiyədək fiziki blankların çapı, rəsmiləşdirilməsi və universitetlərə çatdırılması səbəbindən məzunlar diplomlarını almaq üçün bir neçə ay gözləməli olurdular. Elektron diplomların tətbiqi ilə bu müddətin əhəmiyyətli dərəcədə azalacağı və sənəd dövriyyəsinin daha çevik həyata keçiriləcəyi gözlənilir.



