Metroda qatarların hərəkəti rəqəmsallaşır
Bakı Metropolitenində qatarların hərəkətinin idarə olunması və siqnalizasiya sisteminin müasirləşdirilməsi istiqamətində yeni mərhələyə başlanılır. Bakı Metropoliteni Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində mövcud rele əsaslı siqnalizasiya sisteminin mərhələli şəkildə müasir CBTC (Communication-Based Train Control) texnologiyası ilə əvəzlənməsini həyata keçirəcək.
Yeni sistem qatarların hərəkətini radio rabitəsi və rəqəmsal idarəetmə vasitəsilə daha dəqiq koordinasiya etməyə imkan verəcək. CBTC texnologiyası qatarların mövqeyini və hərəkət parametrlərini davamlı izləyərək onların bir-birinə təhlükəsiz məsafədə hərəkət etməsinə və intervalların daha dəqiq tənzimlənməsinə şərait yaradır.
Layihənin əsas gözləntilərindən biri qatarlar arasındakı hərəkət intervallarının azaldılmasıdır. Bu, xüsusilə pik saatlarda xətt üzrə daha çox qatarın hərəkətinə və sərnişin sıxlığının azaldılmasına imkan verə bilər. Eyni zamanda, yeni siqnalizasiya sisteminin qatarların hərəkətinin təhlükəsizliyinin və idarəetmə səmərəliliyinin artırılmasına töhfə verməsi gözlənilir.
Rəqəmsal idarəetmənin tətbiqi metropoliten infrastrukturunun daha səmərəli istifadəsinə, qatarların hərəkətinin optimallaşdırılmasına və enerji sərfiyyatının azaldılmasına da imkan yarada bilər. Layihənin həyata keçirilməsi ilə Bakı metrosunda beynəlxalq səviyyədə istifadə olunan müasir qatar idarəetmə texnologiyalarına keçid təmin ediləcək.



