Bakı metrosunda yeni rəqəmsal idarəetmə sistemləri qurulacaq.
Bakı Metropolitenində idarəetmə və əməliyyat proseslərinin rəqəmsallaşdırılması istiqamətində yeni layihəyə start verilib. Layihə çərçivəsində insan resurslarından əməliyyat idarəçiliyinə qədər müxtəlif sahələri əhatə edən rəqəmsal platformaların yaradılması və mövcud sistemlərin yenilənməsi nəzərdə tutulur. Məqsəd iş proseslərini daha səmərəli təşkil etmək, xidmət keyfiyyətini artırmaq və idarəetməni mərkəzləşdirməkdir.
Layihə çərçivəsində üztanıma texnologiyası əsasında əməkdaşların davamiyyətinə nəzarət sistemi, elektron işə qəbul portalı, əməkdaşlar üçün nəzərdə tutulan "MetroStar" platforması, həmçinin stansiyalardakı SOS çağırış panellərinin yenilənməsi və onların mərkəzləşdirilmiş idarəetmə sisteminə inteqrasiyası həyata keçiriləcək. Bundan əlavə, qatarların hərəkət qrafikinin planlaşdırılması və operativ idarə olunması üçün yeni rəqəmsal platforma hazırlanacaq.
Rəqəmsallaşdırma proqramı bununla məhdudlaşmayacaq. Layihə Bakı Metropoliteninin digər daxili xidmətlərinin də vahid rəqəmsal mühitdə idarə olunmasını, məlumat mübadiləsinin sürətləndirilməsini və qərarvermə prosesinin daha çevik təşkilini nəzərdə tutur. Yeni sistemlərin mərhələli şəkildə tətbiqi ilə əməliyyatların avtomatlaşdırılması və resurslardan daha səmərəli istifadə imkanlarının genişləndirilməsi planlaşdırılır.
Layihənin icrası üçün ilkin mərhələdə 5 milyon 237 min 738 manat vəsait ayrılması nəzərdə tutulur. Yeni rəqəmsal həllərin tətbiqi ilə Bakı Metropolitenində idarəetmə proseslərinin müasir texnologiyalar əsasında yenilənməsi və xidmət infrastrukturunun daha da təkmilləşdirilməsi hədəflənir.



