Bakı–Tbilisi qatarlarında əlavə vaqonlar istifadəyə verilir
"Azərbaycan Dəmir Yolları" (ADY) artan sərnişin tələbatını nəzərə alaraq 10 iyul tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların tərkibinə əlavə 3 yataq tipli Standard+ vaqon qoşacağını açıqlayıb. Yenilik nəticəsində hər reys üzrə sərnişin tutumu 178 nəfərdən 282 nəfərə yüksələcək və daha çox sərnişinin bu marşrut üzrə səyahət etməsi mümkün olacaq.
ADY-nin məlumatına görə, əlavə ediləcək Standard+ vaqonların biletləri artıq satışa çıxarılıb. Bakı–Tbilisi istiqamətində bu sinif üzrə bilet qiymətləri 65,20 manatdan başlayır. Şirkət bildirir ki, bu vaqonlar hazırda istifadə olunan Stadler qatarlarındakı analoji yerlərlə müqayisədə daha əlçatan qiymət təklif edir və sərnişinlər üçün əlavə seçim imkanı yaradır.
Yeni vaqonlarda sərnişinlərə 36 kiloqramadək ödənişsiz baqaj aparmaq imkanı təqdim olunacaq. Bundan əlavə, səfər zamanı səyyar keytrinq xidməti də göstəriləcək. ADY qeyd edir ki, bu dəyişikliklər beynəlxalq marşrut üzrə xidmət keyfiyyətinin yüksəldilməsi və artan tələbatın daha səmərəli qarşılanması məqsədi daşıyır.



