Bakıda metro, avtobus, tramvay və taksi vahid idarəetməyə keçir.
Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, “Bakı Metropoliteni” QSC-yə tramvay nəqliyyatının təşkili də daxil olmaqla ictimai nəqliyyatın idarə edilməsi üzrə geniş səlahiyyətlər verilib. "BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC ləğv edilərək Bakı Metropoliteni QSC-yə qoşulacaq.
Qərara görə, metro, avtobus, tramvay və taksi xidmətləri vahid sistemdə birləşdiriləcək. Məqsəd sərnişindaşımada keyfiyyətin və təhlükəsizliyin artırılması, həmçinin gediş haqqı və xidmətlərin rəqəmsallaşdırılmasıdır.
Eyni zamanda, yeni nəqliyyat infrastrukturlarının tikintisi, texniki bazanın modernləşdirilməsi və bütün nəqliyyat növlərinin bir mərkəzdən inteqrasiya olunmuş şəkildə idarə olunması təmin ediləcək.



