Bakı şəhərində yaxın illərdə ictimai nəqliyyat infrastrukturunun genişləndirilməsi çərçivəsində yeni kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə məlumat verib. Layihələr paytaxtda artan nəqliyyat yükünü azaltmaq və alternativ mobillik həllərini gücləndirmək məqsədi daşıyır. Planlaşdırılan tramvay sistemi şəhərin əsas nəqliyyat dəhlizlərini daha sürətli və dayanıqlı şəkildə birləşdirməyə yönələcək, kanat yolu isə xüsusilə relyef baxımından çətin ərazilərdə alternativ hərəkət imkanı yaradacaq.
Rəsmilərin məlumatına görə, hazırda Bakı şəhərində ictimai nəqliyyatın inkişafı istiqamətində bir sıra infrastruktur layihələri icra olunur. Artıq 140 kilometrdən çox xüsusi avtobus zolağı və təxminən 80 kilometr velosiped yolu istifadəyə verilib ki, bu da şəhərdə alternativ nəqliyyat vasitələrinin rolunu artırır.



