962-ci ildən D&AD reklam, dizayn və kreativ kommunikasiya sahəsində dünyanın ən prestijli platformalarından biri hesab olunur. Festivalın əsas fərqlərindən biri isə qiymətləndirmə standartlarının həddindən artıq sərt olmasıdır. Hətta bəzi illərdə müəyyən kateqoriyalarda ümumiyyətlə qalib seçilmədiyi də olur. D&AD mükafatları “Pencil” adlanır və müxtəlif səviyyələrə bölünür:
- Wood Pencil
- Graphite Pencil
- Yellow Pencil
- Black Pencil
Bu yazımızda isə D&AD 2026-da diqqətimizi çəkən işləri, xüsusilə də, yaxın ölkələrdən qalib layihələri sizinlə bölüşəcəyik.
Air Raid Alarm Clock — Ukrayna — Wood Pencil
Rusiya-Ukrayna müharibəsinin üçüncü ilində beynəlxalq diqqət artıq əvvəlki qədər güclü deyildi. Razom for Ukraine isə bu yorğunluğu klassik press release və ya çağırışlarla yox, daha birbaşa üsulla qırmağa çalışdı.
“Air Raid Alarm Clock” real vaxt məlumatları ilə işləyən smart cihazdır. Ukraynada hava hücumu siqnalı işə düşən kimi həmin siren səsləri ABŞ və Avropa siyasətçilərinin ev və ofislərində də eşidilir. Yəni müharibənin səsi fiziki olaraq onların gündəlik həyatına daxil olur.
Crosswalk Accident Chart — Türkiyə
Türkiyədə piyada keçidləri uzun illərdir ciddi təhlükə nöqtələrindən biri hesab olunur. Son 10 ildə bu zonalarda 20 mindən çox yaralanma və ölüm hadisəsi qeydə alınıb.
“Stop at the Crosswalk, Stop the Accidents” layihəsi isə həmin statistikaları birbaşa küçənin özünə daşıdı. Keçid xətləri infoqrafikaya çevrildi; hər xətt müəyyən illərin qəza statistikasını göstərirdi. Beləliklə, insanlar artıq “rəqəmləri” hesabatların daxilində yox, gündəlik istifadə etdikləri küçədə görürdülər.
Layihə D&AD-də iki shortlist əldə edib və data vizualizasiyası yanaşmasına görə diqqət çəkən işlərdən biri olub.
Minefield Honey: Harvesting Hope — Ukrayna — Wood Pencil
Bu layihə çoxlarımıza artıq Cannes Lions-dan, hətta Baku Flames-dən də tanış ola bilər.
Ukraynada minalanmış kənd təsərrüfatı sahələri fermerlərin həm torpaqdan istifadəsini, həm də gəlir imkanlarını ciddi şəkildə məhdudlaşdırırdı. Kernel isə bu problemi tam fərqli istiqamətdən həll etməyə çalışdı. Minalanmış ərazilərdə arıçılıq başladı və həmin sahələrdən əldə olunan bal satışa çıxarıldı. Satışdan gələn gəlir isə ərazilərin mina təmizlənməsinə yönləndirildi.
Layihənin ən güclü tərəfi onun sadəcə “kampaniya” olmaması idi. Real iqtisadi model qurulmuşdu və insanlar öz torpaqlarını geri qaytarmaq üçün sistemin bir hissəsinə çevrilirdi.
Saltanat Light — Qazaxıstan
Bizə tanış olan işlərdən biri də “Saltanat Light” oldu. Layihə bu yaxınlarda ölkəmizin yeganə yaradıcılıq festivalı olan Baku Flames-də də Qran-pri də daxil olmaqla, bir çox mükafat qazanmışdı.
Layihə Qazaxıstanda məişət zorakılığı mövzusunun yenidən görünən olması üçün hazırlanmış real-time AI sistemidir. AI şəbəkəsi vasitəsilə xəbərlər, sosial media paylaşımları və krizis mərkəzlərindən gələn məlumatlar analiz edilir. Təsdiqlənən hər zorakılıq hadisəsi isə şəhərdəki neon işıq və 100-dən çox digital billboard üzərində real vaxtda vizual siqnala çevrilir.
Layihə D&AD-də shortlist səviyyəsinə yüksəlməyə nail olub.
Values Are Not For Sale — Ukrayna — Graphite Pencil
Expo 2025 Osaka-da Ukrayna pavilyonuna daxil olan insanlar əvvəlcə özlərini mağazada hiss edirdilər. Adi əşyalar məhsul kimi sərgilənmişdi və hər birinin üzərində barkod yerləşirdi. Amma insanlar həmin kodları skan etdikcə məhsulların arxasında tam başqa hekayələr açılırdı: azadlıq, təhsil, ləyaqət və müharibə şəraitində həyat. Başqa sözlə, layihə alış-veriş davranışını empatiya alətinə çevirmişdi.
Ən maraqlı tərəflərdən biri isə işin çox sadə hərəkət üzərindən güclü emosional effekt yaratması idi.
Weight of Pain — Özbəkistan — Wood Pencil
“Weight of Pain” Özbəkistanda uşaqlara qarşı zorakılığın necə normallaşdığını göstərən sosial layihə idi. Real hadisələr əsasında hazırlanan filmdə uşaqlar ev, məktəb və bağça formasında ağır çantalar daşıyırdı. Halbuki həmin məkanlar uşaqları qorumaq üçün mövcuddur.
Layihə qorxu və travmanı fiziki ağırlığa çevirərək görünməyən zorakılığı görünən etdi. Film həm vizual dili, həm də sakit, amma ağır atmosferi ilə diqqət çəkirdi. Layihə D&AD-də 2 Wood Pencil və 1 shortlist qazanıb.
Xatırladaq ki, “Weight of Pain” layihəsi də Baku Flames jüriləri tərəfindən maraqla qarşılanmış və mükafatlara layiq görülmüşdü.
Diqqətimizi çəkən bir neçə iş daha
Jurnal və qəzet dizaynı kateqoriyasında Wood Pencil qazanan “Accused of Truth” isə builki ən minimalist, amma ən ağır işlərdən biri idi. Layihə 21 ildən artıq korrupsiya və hakimiyyət sui-istifadəsi haqqında reportajlar hazırlayan jurnalist Mzia Amaghlobeli-nin həbsi sonrası yaradılıb. Qəzetin içində yalnız onun müəllifi olduğu başlıqlar yerləşdirilmişdi. 100-dən çox başlıq xronoloji formada düzülərək illər ərzində dəyişən hökumətləri, amma dəyişməyən problemləri göstərirdi.
Minimal monoxrom dizayn burada sadəcə estetik seçim deyildi. Layihənin mesajını daha sərt və birbaşa göstərən alətə çevrilmişdi. “Accused of Truth” bir daha göstərdi ki, bəzən ən güclü dizayn ən az danışan dizayn olur.
7 “karandaş” qazanan “Your Way Out” craft tərəfi ilə builki D&AD-də ən çox danışılan işlərdən biri idi. Layihə AI dövründə insan əməyinin və praktiki craft-ın nə qədər güclü görünə biləcəyini xatırladırdı.
Real dekorlar, 2D print olunmuş kostyumlar filmdə istifadə olunub. Nəticədə isə vizual olaraq video oyun hissi verən, amma tam insan əməyi ilə qurulan dünya ortaya çıxıb. Sənayedə hər şeyin “AI-generated” görünməyə başladığı dövrdə bu işin insan əməyinə bu qədər fokuslanması diqqətimizi çəkdi.
Nəticə
D&AD 2026 ümumi olaraq bir şeyi açıq göstərdi: sənaye artıq sadəcə “gözəl görünən” işləri yox, real təsir yaradan, cəmiyyətlə dialoq quran və istehsal (craft) tərəfdən fərqlənən layihələri daha çox önə çıxarır.
Xüsusilə, regiondan gələn işlərin bu qədər görünməsi isə ayrıca sevindirici məqamdır. Cannes Lions, D&AD və digər qlobal festivallarda artıq yaxın ölkələrdən daha çox iş görmək mümkün olur. Bu da regionun kreativ potensialının əvvəlkindən daha görünən hala gəldiyini göstərir.



