E-ticarət tətbiqetmələri pandemiya zamanı müşahidə olunan artımın müvəqqəti olmadığını sübut etdi. “Business of Apps”ə görə 2021-ci ildə mobil e-ticarət dövriyyəsi qlobal miqyasda 3,7 trilyon dollara çatıb ki, bu da ümumi e-ticarət satışlarının yarısından çoxunu təşkil edir. Bundan əlavə, “Adjust”ın 2022-ci il üçün Mobil tətbiqetmə trendlərinə dair hesabatında 2021-ci ildə e-ticarət tətbiqetmə quraşdırılmasının illik müqayisədə 12% artdığı qeyd edilib. “Adjust MENA”nın baş direktoru Ozan Can Şişman 2022-ci ilin ilk yarısına əsaslanaraq e-ticarət ekosistemini genişləndirəcək trendləri şərh edib…

Audio təcrübələr

1950-ci illərdə radiodan televiziya proqramlarına sürətli keçid baş versə də, audio təcrübələr hələ də öz aktuallığını qoruyub saxlayır. Qlobal podkast bazarının illik 31,5% artıma sahib olması, “Clubhouse” və “Spoon” kimi audio məzmun tətbiqetmələrinin populyarlığı ilə birlikdə audio təcrübələr COVID-19 səbəbilə canlanma yaşadı. Başqa bir nümunə: “Hinge” tanışlıq tətbiqetməsi qısa müddət əvvəl yeni funksiyasını istifadəyə verdi. Bu funksiya istifadəçilərə 30 saniyəlik audio klipləri öz profillərinə yükləmək imkanı verir.

“PYMNTS”ə verdiyi müsahibədə “ACI Worldwide”ın Omnikanal ödənişlər üzrə qlobal direktoru Bobbi Koşeski bildirir ki, istifadəçilərdən gələn səs siqnalları tezliklə mobil tətbiqetmələr tərəfindən fərdi endirimlər və sövdələşmələr üçün istifadə olunacaq. Audio təcrübələrin gələcəyi şübhəsiz ki, çox parlaq görünür.

Canlı yayım alış-verişi

Pandemiyadan bəri sosial mediada canlı alış-verişə maraq, xüsusilə “Instagram Live” və “YouTube” kimi platformalarda sürətlə artıb. Canlı yayımlar zamanı marka öz məhsullarını təbliğ edə bilir. Daha sonra məhsul üçün pin göstərir, izləyicilərə həmin pinin üzərinə klikləyərək məhsulu səbətə əlavə etmək imkan verir. 

2021-ci ildə canlı yayımlar üçün dönüşüm nisbəti digər e-ticarət formalarından 10 dəfə yüksək olub. Mütəxəssislər ABŞ-dakı canlı alış-veriş sektorunun 2024-cü ilə qədər 35 milyard dollar dəyərində olacağını proqnozlaşdırırlar. Bu, artımın səngiməyəcəyini göstərir.

“İndi al, sonra ödə” xidməti

İstehlakçılar “Klarna” və “Afterpay”in təqdim etdiyi “İndi al, sonra ödə” (BNPL – Buy Now, Pay Later) kimi xidmətlərə getdikcə daha çox öyrəşirlər. Bu xidmət alıcılara məhsulu alıb, ödənişini taksitlə etmək imkanı verir. İstehlakçılar “BNPL”i kredit kartlarından daha asan və çevik ödəniş üsulu hesab edirlər.

Texnologiya nəhəngləri də bu trendlə ayaqlaşır. Məsələn, “Apple” bu il “Apple Pay Later” adlı xidmətini istifadəyə verib. Bu xidmət ABŞ-lı istehlakçılara “Apple Pay” vasitəsilə xərclədikləri ümumi məbləği faizsiz və komissiyasız 4 taksitə bölmək və 6 həftəyədək ödəmək imkanı verir. “PayPal” isə 2020-ci ildən bəri istehlakçılara 4 taksitlə ödəniş etməyə imkan verən “Pay in 4” xidmətini təqdim edir.

2022-ci ildəki ümumi “BNPL” ödənişlərinin dəyəri əvvəlki il ilə müqayisədə 77,3% artaraq 75,6 milyard dollara çatıb.

“CTV” reklamları

Smart TV (CTV) reklamı bir çox marketoloqun elektron ticarət də daxil olmaqla bütün sektorlarda faydalandığı trenddir. Hazırda yetkin insanların təxminən 40%-i hər gün smart TV-lərdə videolar izləyir. Gələcəkdə də bu rəqəmin artacağı gözlənilir. “Adweek” “CTV” reklam xərclərinin 2022-ci ildə əvvəlki ilə nisbətən 39% artaraq 21,2 milyard dollara çatacağını proqnozlaşdırır.

“Roku” striminq platforması hazırda “Walmart” ilə əməkdaşlıq edir. Belə ki, ABŞ istifadəçiləri “Roku” smart televizorlarında yerləşdirilən reklamlar sayəsində birbaşa “Walmart”dan alış-veriş edə bilirlər. Reklamı göstərilən məhsulu almaq istəyən zaman “Roku Pay” ilə ödəniş etmək üçün pultdakı OK düyməsinə basmaq kifayətdir.

Başsız ticarət

E-ticarət tətbiqetmələrini rəqabətdə saxlamağın açarı rəqəmsal dünyada həmişə çevik olmaqdır. İstehlakçı davranışları ilə birlikdə daim dəyişən tələbləri qarşılamaq və müştərilərinə bütün kanallarda yaxşı alış-veriş təcrübəsi yaşatmaq üçün bir çox marka başsız texnologiyaya (headless technology) müraciət edir. Təkcə son 2 ildə başsız texnologiya üçün 1,65 milyard dollarlıq vəsaitin toplanması bu sahəyə olan tələbatın göstəricisidir.

Başsız arxitektura istehlakçıya xitab edən çoxlu kanalların asan inteqrasiyasına və idarə olunmasına imkan verir, ayrı-ayrı proseslərə və alətlərə isə ehtiyacı aradan qaldırır. Məsələn, “Twitter” keçən ay satıcıların “Twitter” hesablarını “Shopping Manager” sosial şəbəkə platformasına qoşmağa və bu alətlərdən istifadə etməyə imkan verən “Shopify” ilə olan əməkdaşlığını təqdim etdi. Satıcılar daha sonra məhsul kəşfini artırmaq və alış qərarlarını təşviq etmək məqsədilə “Twitter Shops” və ya “Shop Spotlight” vasitəsilə məhsullarını “Twitter” profillərində nümayiş etdirə bilirlər. Bu sistem “Shopify”ın “TikTok”, “YouTube”, “Facebook” və “Instagram” kimi platformalarla inteqrasiyası ilə birlikdə də istifadə edilə bilər.

Artırılmış reallıq

Tətbiqdaxili alış-verişlərdə artırılmış reallığın (AR) istifadəsi yeni olmasa da, bu il daha aktuallaşıb. “Valuates”in hesabatı göstərir ki, pərakəndə satış bazarında qlobal AR istifadəsi 2022-2028-ci illərdə 20% artacaq. AR istifadəsinin davamlı artımı çox güman ki, qoşulmuş cihazların istifadəsi və qlobal miqyasda daha çox smartfon istifadəsi ilə bağlıdır.

“Amazon Fashion” keçən ay “Amazon” tətbiqetməsində ayaqqabılar üçün Virtual sınaq funksiyasını istifadəyə verdi. Bu xüsusiyyət artırılmış reallıqdan istifadə edərək müştərilərə bəyəndikləri ayaqqabının ayaqlarında necə görünəcəyini istənilən bucaqdan görmək imkanı verir. Eynilə “Sephora” tətbiqetməsində də “Virtual Artist” adlı bir funksiya var. Bu xüsusiyyət müştərilərə tətbiqetmə daxilində müxtəlif makiyaj çalarlarını sınamaq imkan verir.

Posted 
Aug 22, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All