Bakının məşhur məkanları Jackie Chan-ın yeni filmində görünəcək.
Əfsanəvi aktyor Jackie Chan "Tanrının Zirehi 4: Ultimatum" filminin bəzi səhnələrinin çəkilişləri üçün Bakıya gəlib. Məlumata görə, aktyorun paytaxtda təxminən 10 gün qalacağı nəzərdə tutulur. Çəkilişlər Azərbaycanın müxtəlif tarixi və turistik məkanlarında aparılacaq və Bakı filmin əsas beynəlxalq lokasiyalarından biri olacaq.
Filmdə İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı kimi tanınmış məkanların yer alacağı bildirilir. Layihə Azərbaycan və Qazaxıstanın birgə iştirakı ilə həyata keçirilir və regionun son illərdə reallaşdırılan ən iri beynəlxalq kino layihələrindən biri hesab olunur. Çəkilişlərin ölkənin turizm potensialının beynəlxalq auditoriyaya tanıdılmasına da töhfə verəcəyi gözlənilir.
Jackie Chan bu filmdə 13 ildən sonra yenidən məşhur "Asiya şahini" obrazına qayıdır. "Tanrının Zirehi" seriyasının davamı olan ekran işinin premyerasının 2027-ci ildə baş tutacağı planlaşdırılır. Filmin döyüş səhnələri, macəra xətti və beynəlxalq aktyor heyəti ilə geniş auditoriyaya təqdim olunacağı gözlənilir.



