ABB” ödəniş kartları sahəsində yeniliyə imza atdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Visa” beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında hazırlanan “TamEco” kartı müştərilərə təqdim edilib. Müştərilər “ABB”dən “TamEco” kartı sifariş verdikdə hər karta görə bir ağac əkiləcək. Beləliklə, “ABB”dən bir “TamEco” kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olacaq.
Kampaniya çərçivəsində onlayn sifariş zamanı kart pulsuzdur. İanəni müştərinin adından Bank öz hesabına ödəyəcək. Kart dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, “Visa”nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır.
26 yanvar 2023-cü ildə Zirə EKO park-da kartın təqdimatı olub. “ABB”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Visa” nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, “TamEco! kartı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl gələcək” layihəsi çərçivəsində yaradılmış bank məhsuludur. Layihənin məqsədi ölkə ərazisində yaşıllıqların artırılması, cəmiyyətdə ekoloji mədəniyyətin inkişafı, ətraf mühitlə bağlı fərdi məsuliyyət hissinin gücləndirilməsidir.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib:
"Yaşıl gələcək” layihəsinin bu gün geniş ictimaiyyətə çatdırılması ekoloji maariflənmə işinə bir töhfədir. Layihə vasitəsilə hər kəs ölkəmizin yaşıllaşdırılmasında iştirak edib dəstək göstərə biləcək.
“ABB”nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib ki, "TamEco" məhsulu ilə "ABB" sektorda daha bir maraqlı nümunə yaradır:
“TamEco" kartı “ABB”nin sosial məsuliyyətinə əsaslanır. “ABB” olaraq biz müxtəlif innovativ həllərimizlə təmassız ödəniş imkanlarını genişləndiririk. Bank əməliyyatlarını kartlardan istifadə etmədən mobil cihazlarla aparan müştərilərimizin sayı sürətlə artır. Bununla belə, gözləntilərə görə, yaxın illər ərzində bütün dünyada plastik ödəniş kartlarından istifadə vərdişləri də müəyyən səviyyədə hələ qalacaq. “TamEco” kartının məqsədi, bank kartlarından istifadəni ətraf mühit üçün daha faydalı etməkdir. Bu kartın təqdim olunmasında “ABB”nin biznes maraqları ilə yanaşı, sosial maraqları da böyükdür.
“Visa”nın Azərbaycan və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti, regional menecer Kristina Doroş bildirib:
”Visa” bütün dünyada bu istiqamətdə layihələri dəstəkləyərək davamlı inkişafa böyük diqqət yetirir. “TamEco” kartının Azərbaycanda təqdim olunmasından məmnunuq. Bu, təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropada, Yaxın Şərq və Afrika regionunda təqdim olunmuş ilk eko kartdır. “TamEco” kart məhsulunun unikallığı ondan ibarətdir ki, o, dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Belə plastik materialı bir neçə dəfə təkrar emal etmək olur. Bu, ətraf mühitin yaxşılaşdırılmasına töhfə verməklə təbiəti təmizləməyə imkan verir. “ABB” ilə tərəfdaşlıq əsasında Azərbaycanda belə bir layihə reallaşdırmaqdan qürur duyuruq.
“TamEco” kartı debet hesab qalığına illik 7% gəlir gətirir. Müştərilərə 20%-dək keşbək qazandırır. Onunla “Kartdan-karta” və nağdlaşdırma xidmətlərindən istifadə pulsuzdur. Kombo məhsul olaraq kart kredit limitini də istənilən vaxt aktivləşdirmək imkanı verir.