Google artıq “@gmail.com” ilə bitən hesab e-poçt ünvanlarını yeni Gmail ünvanı ilə dəyişdirmək imkanı təqdim edir.
Bu funksiya tədricən istifadəyə verilir və bütün istifadəçilər üçün mərhələli şəkildə aktivləşdirilir.
İndiyə qədər Google yalnız üçüncü tərəf e-poçt ünvanı (məsələn, @yahoo.com və ya @outlook.com) ilə yaradılmış hesabların əsas e-poçt ünvanının dəyişdirilməsinə icazə verirdi. “@gmail.com” ilə bitən ünvanlar isə sistem tərəfindən daimi hesab edilirdi və dəyişdirilməsi mümkün deyildi. Google-un dəstək səhifələrində də açıq şəkildə qeyd olunurdu ki, Gmail ünvanını adətən dəyişmək olmur. Yeni yenilik bu yanaşmanı dəyişir.
Yeni funksiya istifadəçilərə mövcud Gmail ünvanlarını başqa bir “@gmail.com” ünvanı ilə əvəz etməyə imkan verir. Yəni yalnız istifadəçi adı dəyişir, domen eyni qalır. Dəyişiklikdən sonra köhnə e-poçt ünvanı deaktiv edilmir: həmin ünvana göndərilən məktublar avtomatik olaraq yeni ünvanın eyni inboxuna düşməyə davam edir. Bundan əlavə, köhnə ünvan hesab girişində də işlək qalır və istifadəçilər Google xidmətlərinə daxil olarkən hər iki ünvanı istifadə edə bilirlər.
Google bildirir ki, bu dəyişiklik hesabın təhlükəsizliyinə və ya mövcud məlumatlara təsir etmir. Gmail, Google Drive, YouTube, Google Photos və digər xidmətlərdə saxlanılan bütün məlumatlar olduğu kimi qalır. Hesabın əlaqəli ayarları, abunəliklər və ödəniş məlumatları da dəyişmir.
Bununla belə, müəyyən məhdudiyyətlər mövcuddur. İstifadəçi e-poçt ünvanını dəyişdikdən sonra 12 ay ərzində bu əməliyyatı yenidən həyata keçirə bilməyəcək. Eyni zamanda, ünvanın tam silinməsi və ya köhnə Gmail ünvanından imtina etmək mümkün deyil – köhnə ünvan sistemdə saxlanılır və aktiv qalır. Bu addımın əsas məqsədi istifadəçilərin uzun illər əvvəl seçdikləri, artıq uyğun olmayan və ya şəxsi məlumatları əks etdirən istifadəçi adlarını dəyişməsinə imkan verməkdir.
Hazırda funksiya bütün regionlarda eyni vaxtda əlçatan deyil. Google bu yeniliyin “gradually rolling out” — yəni mərhələli şəkildə tətbiq olunduğunu bildirir. Bəzi istifadəçilər artıq hesab ayarlarında bu seçimi görə bilir, digərləri üçün isə yaxın aylarda aktivləşdirilməsi gözlənilir.



