Google süni intellekt infrastrukturu sahəsində SpaceX ilə uzunmüddətli hesablama gücü müqaviləsi bağlayıb.
Razılaşmaya əsasən, Google 2026-cı ilin oktyabrından 2029-cu ilin iyununa qədər SpaceX-in yüksək performanslı hesablama resurslarından istifadə edəcək və bunun üçün aylıq təxminən 920 milyon dollar ödəyəcək.
Müqavilə çərçivəsində on minlərlə yüksək performanslı NVIDIA GPU-su və əlaqəli server infrastrukturu Google-un süni intellekt modellərinin öyrədilməsi, işlədilməsi və miqyaslandırılması üçün ayrılacaq. Hesablamalara görə, müqavilənin ümumi dəyəri 30 milyard dollara yaxınlaşır və bu, AI sahəsində indiyədək açıqlanan ən iri infrastruktur sazişlərindən biri hesab olunur.
Razılaşma süni intellekt yarışında hesablama gücünün strateji əhəmiyyətini bir daha göstərir. Son illərdə böyük texnologiya şirkətləri yalnız proqram təminatına deyil, həm də data mərkəzləri, çiplər və enerji infrastrukturu kimi sahələrə milyardlarla dollar investisiya yatırırlar. Bu səbəbdən hesablama resurslarına çıxış AI şirkətləri üçün əsas rəqabət üstünlüklərindən birinə çevrilib.



