Azərbaycanda 2026–2028-ci illər ərzində ictimai nəqliyyat sistemində geniş islahatların həyata keçirilməsi və “brutto-müqavilə” modelinə keçid planlaşdırılır.
Bu çərçivədə gündəlik, aylıq və illik bilet paketlərinin tətbiqi, həmçinin müəyyən müddət ərzində nəqliyyatlararası pulsuz keçid imkanının yaradılması nəzərdə tutulur.
Məlumata görə, yeni sistemdə sərnişinlər 90 dəqiqə ərzində bir ictimai nəqliyyat vasitəsindən digərinə əlavə ödəniş etmədən keçid edə biləcəklər. Bu model xüsusilə metro və avtobus arasında inteqrasiya olunmuş istifadəni asanlaşdırmaq üçün nəzərdə tutulur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov bildirib ki, brutto-müqavilə sistemi daşıyıcı şirkətlərlə dövlət arasındakı maliyyə münasibətlərini dəyişəcək. Bu modeldə daşıyıcı şirkətlər gəliri birbaşa sərnişin ödənişindən deyil, xidmət keyfiyyəti və marşrut fəaliyyəti əsasında əldə edəcək.



