Bakıda süni intellekt üzrə regional Mükəmməllik Mərkəzi yaradılacaq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə ABŞ mənşəli Polygraf AI şirkəti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Bakıda süni intellekt üzrə Regional Mükəmməllik Mərkəzi yaradılacaq. Mərkəzin Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq regionu üçün fəaliyyət göstərməsi və süni intellekt sahəsində regional əməkdaşlıq platformasına çevrilməsi nəzərdə tutulur.
Yeni mərkəz süni intellekt texnologiyalarının hazırlanması və tətbiqi, proqram mühəndisliyi, məhsul inkişafı, tədqiqat layihələri və innovativ həllərin yaradılması istiqamətlərində fəaliyyət göstərəcək. Burada yerli mütəxəssislərin hazırlanması, beynəlxalq ekspertlərin iştirakı ilə təlim proqramlarının keçirilməsi, eləcə də universitetlər və texnologiya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Əməkdaşlığın əsas istiqamətlərindən biri də AI təhlükəsizliyi və etibarlılığı olacaq. Mərkəzdə süni intellekt sistemlərinin təhlükəsizliyi, məlumatların məxfiliyinin qorunması, kibertəhlükəsizlik, AI idarəçiliyi (AI Governance) və beynəlxalq standartlara uyğun məsuliyyətli AI həllərinin hazırlanması üzrə işlər aparılacaq.
Layihənin məqsədi Azərbaycanın süni intellekt ekosistemini gücləndirmək, ölkədə yüksək ixtisaslı kadr potensialını artırmaq və Bakını region üçün AI innovasiyaları, tədqiqat və texnoloji əməkdaşlıq mərkəzlərindən birinə çevirməkdir. Memorandum çərçivəsində gələcəkdə birgə layihələrin, texnologiya transferinin və regional tərəfdaşlıqların da genişləndirilməsi nəzərdə tutulur.



