m10 və Mastercard ölkədə ilk dəfə “fintex–Mastercard” tərəfdaşlığı çərçivəsində tam rəqəmsal kart təqdim ediblər.
Yeni məhsul fiziki kart olmadan istifadə imkanı yaradır və tamamilə mobil tətbiq üzərindən idarə olunur.
Rəqəmsal kart m10 tətbiqi vasitəsilə bir toxunuşla aktivləşdirilir. İstifadəçilər kartı dərhal Apple Pay və Google Pay cüzdanlarına əlavə edərək onlayn və fiziki ödənişlər edə bilirlər. Kart NFC texnologiyasını dəstəklədiyi üçün ictimai nəqliyyatda və təmassız terminallarda rahat istifadə mümkündür. Bu, xüsusilə gündəlik xırda ödənişlərdə sürət və rahatlıq baxımından üstünlük yaradır.
m10 və Mastercard bildirir ki, yeni rəqəmsal kart nağdsız ödənişlərin genişləndirilməsi və maliyyə xidmətlərinə çıxışın asanlaşdırılması məqsədi daşıyır. Kart istifadəçiləri üçün yaxın zamanda müxtəlif loyallıq proqramlarının və əlavə üstünlüklərin təqdim olunması da planlaşdırılır. Bu proqramlar vasitəsilə istifadəçilər cashback, endirimlər və digər bonuslardan yararlana biləcəklər.
Tərəflərin açıqlamasına görə, bu əməkdaşlıq Azərbaycanda fintex sektorunun inkişafı baxımından mühüm addımdır. m10-un yerli rəqəmsal maliyyə infrastrukturu Mastercard-ın qlobal ödəniş şəbəkəsi ilə birləşdirilərək istifadəçilərə beynəlxalq standartlara uyğun, təhlükəsiz və rahat ödəniş həlli təqdim olunur.



