Bakı Metropoliteni tərəfindən təşkil olunan “Metro Hackathon” 1–3 may tarixlərində başa çatıb.
Yarışmaya 1200-dən çox müraciət daxil olub, ilkin seçim mərhələsindən sonra 72 iştirakçıdan ibarət 18 komanda formalaşdırılıb və final mərhələsində öz layihələrini təqdim ediblər.
Hackathon çərçivəsində iştirakçılar metronun real və anonimləşdirilmiş məlumatları əsasında müxtəlif problemlərə həllər hazırlayıblar. Əsas diqqət sərnişin axınının proqnozlaşdırılması, sıxlığın idarə olunması, marşrutların optimallaşdırılması və rəqəmsal xidmətlərin təkmilləşdirilməsi kimi istiqamətlərə yönəlib. Komandalar süni intellekt və data analitika alətlərindən istifadə edərək praktiki tətbiq oluna biləcək modellər təqdim ediblər.
Yekun nəticələrə görə, “Xətai” komandası birinci yerə layiq görülüb. İkinci yeri “Gənclik”, üçüncü yeri isə “Sahil” komandası tutub. Qalib layihələrin gələcəkdə pilot mərhələdə tətbiqi və metro sisteminə inteqrasiyası imkanlarının qiymətləndiriləcəyi bildirilir.



