B

rendinq layihələrində dizaynerlər adətən ilk olaraq loqo, rəng və ya mokaplar haqqında düşünür. Halbuki bəzən layihənin bütün hissini dəyişən əsas detal şrift olur.

Son illərdə D&AD, Type Directors Club və bu kimi bir çox festivallarda qalib olan işlərə baxanda bir şey açıq görünür: şrift seçimi artıq sadəcə “oxunaqlı font tapmaq” məsələsi deyil. Şrift artıq brendin səsi, ritmi və xarakterinin özü kimi işləyir.

Bu yazıda son dövrlərdə diqqət çəkən və kreativ layihələrdə tez-tez qarşımıza çıxan 5 şriftii toplamışıq.

1. Lamington — Rain Foundry

Bu şrift görə biləcəyiniz ən yeməli şriftlərdəndir. Rain Foundry tərəfindən hazırlanan font Avstraliya deserti olan “lamington”dan ilhamlanıb. Kvadrat keks, şokolad və kokos qarışığından ibarət həmin desertin yumşaqlığı və “toppuş” teksturası birbaşa hərflərə daşınıb.

Şriftin ən maraqlı tərəfi isə həddindən artıq əyləncəli görünməsinə baxmayaraq müxtəlif kateqoriya brendinqlərdə yaxşı işləməsidir. Dairəvi forması və yumşaq strukturu ona həm retro, həm də müasir hiss verir.

Qida, qablaşdırma və ya gəncləri hədəfləyən kampaniyalar və vizual kimliklər üçün güclü seçim ola bilər.

2. Tuig — Guillaume Berry

Guillaume Berry tərəfindən hazırlanan bu şrift həm elastik, həm də qəribə görünməyi bacarır. Hərflər sanki bükülür, amma qırılmır. Dizayner öz yanaşmasını “ciddi əyləncə” adlandırır və bu font da tam olaraq həmin balansı tutur.

Enerjili və fərqli hiss yaratmaq istəyən brendlər üçün çox rahat işləyir.

3. Degular — OH no Type Company

Bu fontun əsas gücü onun “adi görünmək” cəhdindədir. OH no Type Company-dən James Edmondson bu şrifti hazırlayarkən məqsədi Helvetica kimi böyük məsuliyyət daşımayan, sadə və etibarlı qrotesk yaratmaq idi. Nəticədə isə çox sakit görünən, amma daxilində çox ağıllı qərarlardan ibarət şrift ortaya çıxdı.

4. Aeonik — CoType Foundry

Aeonik son illərdə ən çox istifadə olunan müasir neo-qrotesk şriftlərdən birinə çevrilib.

CoType Foundry tərəfindən hazırlanan bu şrift texniki dəqiqliklə yumşaqlıq arasında maraqlı balans qurur. Həndəsi baza strukturu və sərt bitiş xətləri ona dəqiq və sistemli hiss verir, yumru formalar isə həmin sərtliyi balanslaşdırır. Revolut, Eurosport və Virgin Hyperloop kimi brendlərin bu şriftdən istifadə etməsi də təsadüfi deyil.

Ən böyük üstünlüklərindən biri isə çoxdilli dəstəyidir. 340-dan çox dili dəstəkləyən Aeonik artıq sadəcə latın əsaslı brendinq üçün yox, qlobal vizual kimlik sistemləri üçün də çox güclü seçim hesab olunur. Bu gün bir brend həm ingilis, həm ərəb, həm də asiya dillərində eyni sistem daxilində işləməlidirsə, şrift seçimi daha kritik olur. Aeonik də bu problemi ən uğurlu həll edən şriftlərdən biridir.

5. Nohemi — Rajesh Rajput

Nohemi ilk baxışda çox “sakit” görünə bilər… Amma məhz buna görə son dövrlərdə fərdi dizaynerlər və kiçik studiyalar arasında daha çox yayılmağa başlayıb.

Rajesh Rajput tərəfindən hazırlanan bu pulsuz şrift brendinq, redaksiya dizaynı və interfeys layihələrində çox rahat işləyir. Şrift özünü göstərməyə çalışmır, sadəcə sistemi stabil saxlayır. Dəyişkən format isə dizaynerlərə qalınlıqlarla daha rahat işləməyə imkan verir və əlavə şrift fayllarına ehtiyacı azaldır.

Bu şriftlər bizə 2026 haqqında nə deyir?

Bu şriftlərə ümumi baxanda bir neçə istiqamət açıq görünür. Brendlər artıq ya tam neytral, ya da həddindən artıq “qışqıran” şriftlərdən uzaqlaşmağa başlayır. Əvəzində daha balanslı, funksional, amma içində xarakter daşıyan şriftlər ön plana çıxır. Digər diqqət çəkən məqam isə odur ki, çoxdilli sistemlər, oxunaqlılıq və rəqəmsal uyğunlaşma artıq əlavə üstünlük yox, birbaşa əsas tələb hesab olunur. Eyni zamanda AI dövründə daha “insani”, daha craft hiss etdirən typeface-lərə maraq da artır. Görünən odur ki, 2026-da yaxşı şrift sadəcə gözəl görünən yox, brendin necə hiss ediləcəyini müəyyənləşdirən əsas sistemlərdən birinə çevrilir.

Posted 
May 15, 2026
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All