OpenAI süni intellekt infrastrukturunu gücləndirmək istiqamətində mühüm addım ataraq ilk xüsusi hazırlanmış AI çipini təqdim edib.
Broadcom ilə birgə hazırlanan və Jalapeño adlandırılan yeni prosessor ChatGPT, Codex, API xidmətləri və gələcək agent əsaslı AI sistemlərinin işlədilməsi üçün xüsusi olaraq optimallaşdırılıb. Şirkətin məlumatına görə, Jalapeño ümumi təyinatlı AI sürətləndiricilərindən fərqli olaraq, böyük dil modellərinin (LLM) cavab yaratması prosesinə (inference) uyğun şəkildə sıfırdan hazırlanıb. OpenAI bildirir ki, ilkin laboratoriya sınaqları çipin enerji sərfiyyatına görə məhsuldarlığının (performance per watt) mövcud qabaqcıl həllərdən daha yüksək olduğunu göstərir. Dəqiq texniki göstəricilər isə testlər tam başa çatdıqdan sonra ayrıca hesabatda açıqlanacaq.
OpenAI həmçinin bildirib ki, Jalapeño-nun dizayndan istehsala qədər hazırlanması cəmi doqquz ay çəkib. Şirkətin sözlərinə görə, bu, yüksək performanslı ASIC çipləri üçün indiyədək ən sürətli inkişaf dövrlərindən biridir. Maraqlı məqamlardan biri də odur ki, OpenAI öz süni intellekt modellərindən çipin layihələndirilməsi və optimallaşdırılması prosesində istifadə etdiyini açıqlayıb.
Yeni çip OpenAI-ın NVIDIA kimi xarici çip istehsalçılarından asılılığını azaltmaq və hesablama infrastrukturuna daha çox nəzarət etmək strategiyasının tərkib hissəsidir. Jalapeño ilk mərhələdə yalnız OpenAI-ın öz data mərkəzlərində istifadə olunacaq və şirkətin çoxnəsilli AI çip platformasının başlanğıcı hesab edilir. İstehsalın isə TSMC tərəfindən həyata keçiriləcəyi bildirilib.



