Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda ölkədə rəqəmsal transformasiya prosesinin əsas prioritetləri, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf Fəaliyyət Planının icrası müzakirə olunub.

Şurada bildirilib ki, yeni qurumun əsas məqsədi dövlət orqanlarının rəqəmsal fəaliyyətini vahid yanaşma əsasında əlaqələndirmək, rəqəmsallaşma üzrə qəbul olunan qərarların icrasını sürətləndirmək və ölkənin rəqəmsal inkişaf strategiyasını daha effektiv şəkildə həyata keçirməkdir. İclasda vurğulanıb ki, həyata keçiriləcək tədbirlər Azərbaycanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməsi məqsədinə xidmət edəcək.

Rəqəmsal dövlət infrastrukturu istiqamətində görülən işlər də təqdim olunub. Bildirilib ki, Milli Məlumat Hövzəsi artıq yaradılıb, dövlət informasiya sistemlərinin mərhələli şəkildə hökumət buluduna köçürülməsi davam edir və yeni Data Mərkəzinin tikintisi aparılır. Bununla yanaşı, myGov platforması və digər elektron dövlət xidmətlərinin imkanlarının genişləndirilməsi, dövlət xidmətlərinin daha əlçatan və tam rəqəmsal formada təqdim olunması nəzərdə tutulur.

İclasda təhsil sahəsində rəqəmsallaşma da əsas mövzulardan biri olub. "Rəqəmsal məktəb" layihəsinin genişləndirilməsi, təhsil sənədlərinin tam elektronlaşdırılması, tədris prosesinin rəqəmsallaşdırılmasının növbəti mərhələyə keçirilməsi, həmçinin "Rəqəmsal bacarıqlar" və STEAM Azərbaycan layihələrinin davam etdirilməsi planları təqdim edilib.

Bundan əlavə, rəqəmsal iqtisadiyyatın inkişafı üçün yeni qanunvericilik təşəbbüsləri, innovasiya və startap ekosisteminin gücləndirilməsi, vergi mexanizmlərinin təkmilləşdirilməsi və kibertəhlükəsizlik sahəsində islahatlar da müzakirə olunub. Qeyd edilib ki, hazırlanacaq hüquqi çərçivə və yeni mexanizmlər beynəlxalq təcrübə nəzərə alınmaqla formalaşdırılacaq və ölkədə rəqəmsal transformasiyanın daha sürətli həyata keçirilməsinə xidmət edəcək.

Posted 
Jun 30, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All