A

zərbaycanın Gənc İstedadları" seriyamızda bu ay qonağımız Aynur İsayevadır. Aynura suallarımızı cavabladığı üçün təşəkkür edirik və kariyerasında uğurlar arzulayırıq.

O "FCB Artgroup Bakı"da qrafik dizayner olaraq çalışmaqla bərabər, "Corabb" markası ilə etdiyi iş birliyi və öz dizayn etdiyi əl işi ayaqqabılar ilə tanınır.

1. Zəhmət olmasa özünü təqdim edə bilərsən?

Aynur İsayeva.

2. Bəs, sənətini necə təqdim edə bilərsən?

Rəssam, illüstrator, qrafik dizayner olaraq çalışıram.

3. İllustrasiyaya və dizaynerliyə nə vaxtdan başlamısan?

Uşaqlıqdan rəsm çəkməyə böyük marağım olub. Adətən xoşuma gələn şəkilləri qarşıma qoyub çəkirdim və bənzətməyə çalışırdım. Atamın dəstəyi ilə 1 il rəssam Sabir Hüseynin emalatxanasında dərs almağa başladım. Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının modelyer-rəssam fakultəsinə daxil oldum. Akademiyadakı təhsil mənə nəyinki moda dizaynında, həm də rəssamlığın bir çox sahələrində özümü sınamağa, kəşf etməyə və istiqamətləndirməyə yardımcı oldu. İllustrator və dizaynerliyə isə 2015-ci ildən başlamışam.

4. Sosial media barədə fikirlərini öyrənə bilərik?

Sosial media barəsində fikirlərim müsbətdir. Xüsusilə də, yaradıcı insanlar üçün bu platformalar olduqca faydalıdır. Düşünürəm ki, müasir dövrdə yaradıcılıqla məşğul olan insanların öz işlərini sosial media vasitəsi ilə nəinki ölkə, hətta dünya miqyasında tanıtmaq fürsətləri var. Mən çox bacarıqlı insanlar tanıyıram ki, iş tapmaqda çətinlik çəkirlər, sosial mediada iş axtarmaq və tapmaq daha rahatdır. Digər tərəfdən isə sosial media vasitəsi ilə zövqü inkişaf etdirmək, trendləri izləmək, başqalarının yaradıcılığından ilhamlanmaq mümkündür. Həmçinin, gizli potensialı olan insanların yaradıcılığına təkan verir.

5. Rəqəmsal dünyada uğurlu olmaq üçün səncə nələr vacibdir?

Bunun üçün yenilikləri izləmək, aktivlik, fərqli baxış bucağı və naturallıq lazımdır :)

6. İndiyə qədər həyata keçirdiyin ən sevdiyin layihə hansıdır?

Sözün düzü sevdiyim layihələr çox olub. Birini desəm digərlərinə qarşı haqsızlıq etmiş olaram. Çünki, hər birinə əmək sərf edirəm və ruhumu qoyuram. Ən sevdiklərimdən bir neçəsini deyə bilərəm sadəcə. İlk sevdiyim layihə 2004-cü ildə “Art Gallery” sərgi salonunda baş tutmuş fərdi sərgim olmuşdur. O dövr üçün yüksək səviyyədə fərdi sərgi təşkil etmək o qədər də asan deyildi. Sərgimin açılışını isə sənətini çox sevdiyim Azərbaycanın tanınmış heykəltaraşı, xalq rəssamı Ömər Eldarov etmişdir. Sənətə yeni addımlayan biri üçün bu layihənin baş tutması möcüzə idi və özümü çox xoşbəxt hiss edirdim. Digər layihələrə gəldikdə isə "Birbank"ın məşhur “Biri” proyektini, ölkəmizin milli-mənəvi dəyərlərini özündə əks etdirən yerli “Corabb” markası üçün hazırladığım illüstrasiyaları nümunə çəkə bilərəm və hal-hazırda şəxsi layihəm olan ayaqqabı dizaynları üzərində çalışıram. Bu ideyanı 2 il öncə düşüncəmdə canlandırmışdım, nəhayət bu il həyata keçirdim.

7. Yaxın zamanda təqdim edəcəyin layihələr var?

Bəzi layihələri öncədən planlamış olsam da, bəziləri gözləmədiyim zamanda baş tutur. Spontan olan layihələr mənim üçün də sürpriz olur. Ağlımda təqdimatını belə düşündüyüm yeni layihəm var, ancaq nə qədər yaxın zamanda baş tutacağını deyə bilməyəcəm.

8. İncəsənətlə məşğul olmaq istəyənlərə nə kimi tövsiyələrin var?

Sevdikləri sənətin arxasınca inamla getsinlər. Yalnız məvacib xətrinə deyil, sənətə dəyər verərək öz işləri ilə cəmiyyətə müsbət təsir etməyi bacarsınlar. Yaradıcılığa yeni başlayanlara seçdikləri sahə üzrə trendi izləməyi, muzey və sərgilərə tez-tez baş çəkməyi, onlara ilham verən mənbələri kəşf etməyi tövsiyə edirəm.

9. Sosial mediada səni necə tapmaq olar?

Mənim Facebook və  Instagram hesabım var. Ayaqqabı dizaynı üçün də fərqli Instagram hesabım var.

Posted 
Oct 10, 2021
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All