Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti ABŞ-ə səfər edərək Google, Amazon Web Services (AWS) və Intel şirkətlərinin rəhbər şəxsləri ilə bir sıra işgüzar görüşlər keçirib. Səfərin məqsədi rəqəmsal inkişaf, süni intellekt, bulud texnologiyaları və insan kapitalının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanlarını genişləndirmək olub.


Görüşlərdən biri AWS-nin dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti ilə baş tutub. Tərəflər bulud infrastrukturu, rəqəmsal transformasiya layihələri və kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
“Google” şirkətində beynəlxalq hökumət əlaqələri üzrə rəhbər Rachel Coleman ilə keçirilən görüşdə bulud innovasiya laboratoriyalarının yaradılması, rəqəmsal bacarıqlar üzrə təlim proqramları və Azərbaycanın startap ekosistemini gücləndirəcək əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Səfər çərçivəsində Intel-in vitse-prezidenti Sara Kemp ilə də görüş təşkil olunub. Müzakirələr süni intellekt, yüksək performanslı hesablama, ağıllı mobillik həlləri və milli kadr hazırlığı ətrafında aparılıb. İnsan kapitalının inkişafı və prioritet sahələr üzrə potensial investisiya imkanları da dəyərləndirilib.
Nazirlik nümayəndələri bildiriblər ki, aparılan görüşlər ölkənin rəqəmsal transformasiya strategiyasını dəstəkləyəcək və qabaqcıl texnologiya şirkətləri ilə yeni əməkdaşlıq mərhələsi üçün baza yaradacaq.



