RİNN və TikTok arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) rəhbərliyi ilə TikTok nümayəndələri arasında keçirilən görüşdə Azərbaycanda rəqəmsal transformasiya, texnoloji əməkdaşlıq və rəqəmsal savadlılığın inkişafı istiqamətində mümkün birgə layihələr müzakirə olunub.
Nazir müavini Rəşad Həsənovun iştirak etdiyi görüşdə tərəflər 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf Fəaliyyət Planı çərçivəsində TikTok-un potensial rolunu və əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Müzakirələr zamanı rəqəmsal bacarıqların artırılması, təhsil təşəbbüsləri, yerli startap ekosisteminin dəstəklənməsi və innovativ layihələrin təşviqi kimi mövzular ön plana çıxıb.

Görüşdə uşaqların sosial media platformalarından istifadəsi, onlayn təhlükəsizlik, rəqəmsal rifah və bu sahədə nəzərdə tutulan qanunvericilik dəyişiklikləri ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər təhlükəsiz və məsuliyyətli rəqəmsal mühitin formalaşdırılmasının vacibliyini vurğulayaraq, istifadəçilərin maarifləndirilməsi istiqamətində birgə təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.

Bununla yanaşı, yerli məzmun yaradıcılarının dəstəklənməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və beynəlxalq texnologiya platformaları ilə əməkdaşlığın genişləndirilməsi məsələləri də gündəmdə olub. Görüşün yekununda innovasiya ekosisteminin inkişafı və rəqəmsal imkanların genişləndirilməsi istiqamətində dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.



