Süni İntellekt Akademiyası 500 AI mühəndisi və 3 min nəfərlik AI icmasının formalaşdırılmasını hədəfləyir.

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılıb. Bu barədə Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Ramid Namazov məlumat verib. Bildirilib ki, akademiya ölkədə süni intellekt sahəsində ixtisaslı kadr hazırlığını gücləndirmək və beynəlxalq standartlara uyğun təhsil proqramları təqdim etmək məqsədilə fəaliyyət göstərəcək.

Layihə çərçivəsində yaxın illərdə 500 süni intellekt mühəndisinin hazırlanması, eyni zamanda 3 min nəfərlik AI icmasının formalaşdırılması nəzərdə tutulur. Akademiyada süni intellekt, maşın öyrənməsi, böyük dil modelləri (LLM), məlumat elmi və digər müasir texnologiyalar üzrə nəzəri və praktiki təlimlərin təşkili planlaşdırılır.

Qeyd olunub ki, təşəbbüs Azərbaycanın Süni İntellekt Strategiyasının əsas istiqamətlərindən biri hesab olunur. Strategiya çərçivəsində yerli kadr potensialının gücləndirilməsi, hesablama infrastrukturunun inkişafı, Azərbaycan dilində süni intellekt həllərinin hazırlanması və AI sahəsində elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi hədəflənir. Bununla yanaşı, cəmiyyətdə süni intellekt texnologiyaları ilə bağlı bilik və maarifləndirmə səviyyəsinin artırılması da əsas prioritetlər sırasında göstərilir.

Posted 
Jul 10, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All