“Bu qədər sürətlə inkişaf edən başqa texnologiya görməmişəm”
Oskar mükafatlı rejissor Christopher Nolan süni intellektin sürətli inkişafı ilə bağlı narahatlıqlarını bölüşərək bildirib ki, texnologiya rahatlıq və məhsuldarlıq vədi ilə geniş şəkildə qəbul olunsa da, onun yaradıcılıq və cəmiyyət üzərində uzunmüddətli təsirləri hələ tam qiymətləndirilməyib. Rejissor AI-ın inkişafını “içində yunanların olduğu bilinən Troya atına” bənzədərək, bu texnologiyanın həm böyük imkanlar, həm də ciddi risklər daşıdığını vurğulayıb.
Nolanın sözlərinə görə, süni intellektlə bağlı maraqlı paradoks yaranıb: insanlar bir tərəfdən bu texnologiyaya skeptik yanaşır, digər tərəfdən isə onu gündəlik həyatlarında sürətlə mənimsəyirlər. “İnsanların bu qədər açıq şəkildə rədd etdiyi, amma eyni zamanda bu qədər sürətlə inkişaf edən başqa texnologiya görməmişəm”, – deyə rejissor bildirib.
Rejissor xüsusilə generativ AI vasitəsilə hazırlanan video və vizual məzmunların sürətlə artmasına diqqət çəkib. O bildirib ki, bir çox gənc istifadəçi aşağı keyfiyyətli və kütləvi şəkildə istehsal olunan AI məzmunlarını “AI slop” adlandırır və bu cür kontentə tənqidi yanaşır. Nolan hesab edir ki, texnologiyanın imkanları artsa da, onun yaradıcı sahələrə təsiri və müəlliflik məsələləri ətrafında müzakirələr daha da aktuallaşacaq.
Christopher Nolan əlavə edib ki, süni intellektin inkişafı qaçılmaz görünür, lakin bu prosesin yalnız texnoloji tərəfi deyil, etik, hüquqi və yaradıcı nəticələri də diqqətlə qiymətləndirilməlidir. Onun fikrincə, AI-nin gələcəkdə cəmiyyətə təsiri barədə qərarlar yalnız texnologiyanın sürətinə deyil, onun necə və hansı məqsədlərlə tətbiq olunacağına əsaslanmalıdır.



