Azərbaycanda təcili yardım maşınlarını GPS ilə telefonda izləmək mümkün ola bilər
Gələcəkdə Azərbaycanda təcili tibbi yardım çağıran şəxslər ambulansın hərəkətini mobil telefon vasitəsilə izləyə bilərlər. TƏBİB-in məlumatına görə, hazırda təcili yardım çağırışlarının operativ idarə olunması, briqadaların koordinasiyası, avtomobillərin GPS vasitəsilə izlənməsi və çağırışlar üçün optimal marşrutların müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Belə bir sistem tətbiq edilərsə, təcili yardım çağırışından sonra briqadanın hərəkətinin və təxmini gəliş istiqamətinin mobil cihaz üzərindən izlənməsi mümkün ola bilər. Bu, vətəndaşların briqadanın çağırış ünvanına doğru hərəkəti barədə daha operativ məlumat əldə etməsinə imkan verən funksiyalardan biri ola bilər.
TƏBİB bildirir ki, ambulansların hərəkətinin mobil telefon vasitəsilə izlənməsi beynəlxalq təcrübədə tətbiq olunan həllər sırasındadır. Bununla belə, funksiyanın Azərbaycanda tətbiqi zamanı texniki imkanlar, məlumatların qorunması və informasiya təhlükəsizliyi kimi məsələlər nəzərə alınacaq. Bu səbəbdən xidmətin tətbiqi gələcək mərhələlərdə qiymətləndirilə bilər.
Ambulansların GPS vasitəsilə izlənməsi və hərəkət məlumatlarının rəqəmsal sistemlərdə göstərilməsi müxtəlif ölkələrdə istifadə olunur. Banqladeş, Böyük Britaniya, Avstraliya və bir sıra digər ölkələrdə bu istiqamətdə rəqəmsal həllər tətbiq edilib.
Azərbaycanda aparılan işlərin əsas istiqamətlərindən biri isə təcili yardım briqadalarının koordinasiyasını və çağırışlara operativ çıxış imkanlarını rəqəmsal vasitələrlə təkmilləşdirməkdir.



