Texnologiya nəhənglərində AI strategiyası: böyüyən büdcələr, azalan işçi sayı

Qlobal texnologiya şirkətləri son dövrdə süni intellektə milyardlarla dollar vəsait ayırarkən, eyni zamanda minlərlə əməkdaşı işdən çıxarır. Bu, təsadüfi deyil — şirkətlər resursları ənənəvi sahələrdən çəkərək AI inkişafına yönəldir və bunun əvəzində işçi sayını azaldır. 2026-cı ildə bu yanaşma artıq sektorun əsas strategiyalarından birinə çevrilib.

Bu tendensiyanın arxasında son illərdə atılan addımlar dayanır. Amazon 2026-cı ilin ilk rübündə iişçi ixtisarları siyahısının başında gəlir. 2022–2023-cü illərdə ümumilikdə 27 minə yaxın əməkdaşını ixtisar etmişdi. 2026-cı ilin əvvəlində isə əlavə olaraq 16 min nəfərlik yeni ixtisar dalğası baş verib. Şirkət paralel olaraq bulud platforması AWS üzərindən AI xidmətlərinə ciddi investisiya yatırır.

Siyahıda ikinci yerdə Meta var. Oxşar proses Meta-da da müşahidə olunur. Şirkət 2022-ci ildə 11 min, 2023-cü ildə isə əlavə olaraq 10 min işçini ixtisar etmişdi. Hazırda isə Reality Labs bölməsində ixtisarlar davam edir. Meta eyni zamanda açıq mənbə AI modellərinə və generativ süni intellekt texnologiyalarına böyük sərmayə ayırır.

Digər texnologiya nəhəngləri də bu strategiyanı izləyir. Oracle müxtəlif mərhələlərdə ümumilikdə 30 minə yaxın əməkdaşı ixtisar edib. Microsoft isə daha yumşaq keçid edərək bəzi bölmələrdə təxminən 7% işçiyə erkən təqaüd təklif edib, eyni zamanda AI sahəsində OpenAI ilə əməkdaşlığını genişləndirib.

Bu addımların arxasında duran əsas səbəb şirkətlərin gələcəyi AI üzərində qurmaq istəməsidir. Süni intellektin uzunmüddətli perspektivdə məhsuldarlığı artıracağı, əməliyyat xərclərini azaldacağı və yeni gəlir mənbələri yaradacağı gözlənilir. Bu səbəbdən insan resursları azaldılır, texnoloji infrastruktur və AI inkişafı isə prioritetə çevrilir.

Lakin bu strategiyanın effektivliyi ilə bağlı suallar da artır. Axios tərəfindən yayımlanan araşdırmada qeyd olunur ki, bəzi hallarda süni intellekt həlləri insan əməyindən daha baha başa gələ bilər. Böyük modellərin işlədilməsi üçün tələb olunan serverlər, enerji xərcləri və texniki infrastruktur şirkətlər üçün ciddi maliyyə yükü yaradır.

Araşdırmaya görə, şirkətlər qısa müddətdə xərcləri azaltmaq üçün ixtisarlara getsə də, AI-a yönələn investisiyalar uzunmüddətli dövrdə daha böyük xərclər və risklər yarada bilər. Bu isə texnologiya sektorunda yeni balans axtarışının davam etdiyini göstərir.

Nəticə etibarilə, texnologiya nəhəngləri hazırda iki paralel proses aparır: bir tərəfdən işçi sayını azaldır, digər tərəfdən isə gələcəyin əsas texnologiyası kimi gördükləri AI-a böyük sərmayələr yatırır. Bu strategiyanın real nəticələri isə yalnız yaxın illərdə daha aydın görünəcək.

Posted 
Apr 29, 2026
 in 
Data
 category

Daha çox

Data

 kateqoriyasından

View All