77 min saxta IMEI bloklanıb, 1,6 milyon qoşulma cəhdi dayandırılıb.

Azərbaycanda mobil cihazların qeydiyyatı və şəbəkəyə çıxışına nəzarət çərçivəsində 77 614 kopyalanmış IMEI koduna “klon” statusu verilərək bloklanıb. Bu kodlardan istifadə etməklə mobil şəbəkəyə 1,6 milyondan çox qoşulma cəhdinin qarşısı alınıb.

Məlumata görə, aşkar edilən halların hamısı “AzInTelecom”un Mobil Cihazların Qeydiyyat Sistemi vasitəsilə müəyyənləşdirilib. IMEI cihazın mobil şəbəkədə identifikasiyasını təmin edən unikal kod olduğundan, onun kopyalanması və bir neçə cihazda istifadəsi mobil cihazların qeydiyyatı və təhlükəsizliyi baxımından problem yarada bilər.

Xaricdən Azərbaycana gətirilən mobil telefonların ölkədə istifadəsi üçün onların IMEI kodlarının müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi tələb olunur. Bu cihazlar üçün 30 günlük müddət nəzərdə tutulur. Qeydiyyat prosedurunun vaxtında tamamlanmaması cihazın mobil şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin tətbiq olunmasına səbəb ola bilər.

“AzInTelecom” vətəndaşlara telefon alarkən cihazın və qutunun üzərində göstərilən IMEI nömrəsinin uyğunluğunu yoxlamağı, həmçinin IMEI məlumatlarını mygov portalı üzərindən dəqiqləşdirməyi tövsiyə edir. Cihazların etibarlı və rəsmi satış məntəqələrindən alınması da mümkün risklərin qarşısını almaq üçün vacib addımlardan biri kimi göstərilir.

Posted 
Aug 25, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All