Claude süni intellekt çatbotunda istifadəçilərin paylaşdığı bəzi söhbət linklərinin Google axtarış nəticələrində indeksləşdirildiyi məlum olub.
Problem istifadəçilərin "Share" funksiyası vasitəsilə yaratdığı ictimai keçidlərin axtarış sistemləri tərəfindən avtomatik aşkarlanması nəticəsində ortaya çıxıb. Bu səbəbdən bəzi söhbətlər birbaşa Google axtarışı vasitəsilə tapıla bilib.

Aşkarlanan yazışmalar arasında CV-lər, əlaqə məlumatları, iş layihələri, proqramlaşdırma kodları, səhiyyə ilə bağlı araşdırmalar və digər şəxsi xarakterli məlumatlar da yer alıb. Anthropic bildirib ki, söhbətlər yalnız istifadəçi onları paylaşdığı halda ictimai olur. Bununla belə, tənqidlər əsasən paylaşım zamanı həmin linklərin axtarış sistemləri tərəfindən indeksləşdirilə biləcəyinin kifayət qədər aydın şəkildə izah edilməməsi ilə bağlı olub.
Şirkət hadisədən sonra tədbir görərək həftəsonu paylaşılmış söhbət linklərinin axtarış nəticələrində görünməsinin qarşısını alıb. Anthropic istifadəçilərə məxfi və şəxsi məlumatları ictimai paylaşım linkləri vasitəsilə yaymamağı da tövsiyə edib.
Bu hadisə süni intellekt platformalarında məxfilik və məlumat təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Oxşar hallar daha əvvəl ChatGPT və Grok platformalarında da qeydə alınıb və ekspertlər istifadəçilərə paylaşım funksiyalarından istifadə edərkən linklərin ictimai xarakter daşıya biləcəyini nəzərə almağı tövsiyə edirlər.



