Azərbaycanda bəzi banklar eyni kateqoriyadan ikinci kart sifarişini məhdudlaşdırır.
Azərbaycanda bir sıra banklar müştərilərin eyni kateqoriyaya aid birdən çox bank kartı sifariş etməsinə məhdudiyyət tətbiq etməyə başlayıb. Yeni qayda əsasən eyni valyutada olan debet kartlarına aiddir.
Belə ki, aktiv debet kartı olan müştəri həmin valyutada ikinci debet kartı sifariş edə bilməyəcək. Məsələn, müştərinin manatla aktiv debet kartı varsa, eyni valyutada əlavə debet kartının sifarişi mümkün olmayacaq.
Fərqli valyutada kart sifarişi isə məhdudlaşdırılmır. Yəni manatla debet kartı olan müştəri ayrıca ABŞ dolları və ya digər valyutada debet kartı əldə edə bilər.
Məhdudiyyətin tətbiqi ilə bağlı tarixlər bankdan banka dəyişir. Bəzi banklar yeni qaydanı artıq tətbiq edir, digərlərinin isə bu dəyişikliyi oktyabrın 1-dən qüvvəyə mindirməsi gözlənilir.
Yeni yanaşmanın bütün banklarda eyni formada tətbiq olunmadığı nəzərə alınaraq, əlavə kart sifariş etmək istəyən müştərilərin konkret bankın mövcud qaydalarını əvvəlcədən dəqiqləşdirməsi lazım olacaq.



