Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Apple”dan ilk qatlanabilən “iPhone” sürprizi!

“Apple” ilk katlanabilən iPhone üçün ekran tədarükçüsü seçməyə hazırlaşır!  “Samsung”, “Huawei”, “Xiaomi” kimi markalar artıq qatlanan telefonlarını təqdim etsə də, “Apple” bu yarışa indi qoşulur.

İddialara görə, şirkət bir neçə fərqli model üzərində işləyir və 2025-2027-ci illər arasında ilk qatlana bilən “iPhone” modelini bazara çıxara bilər. “Apple” davamlılıq və qat izi problemlərini aradan qaldıracaq ekran texnologiyası axtarışındadır. Eyni zamanda, ekranın qalınlığı, ölçüsü və qatlana bilən radiusu kimi amillər də nəzərə alınacaq. 

“Opera Air”- zehni sağlamlığı dəstəkləyən yeni brauzer!


“Opera” yeni internet brauzeri “Opera Air”i təqdim etdi! Bu brauzer istifadəçilərin zehni sağlamlığını qorumağa kömək edəcək xüsusiyyətlərə malikdir. “Bir fasilə ver” funksiyası ilə nəfəs, boyun, meditasiya və tam bədən məşqləri ilə rahatlanmaq mümkün olacaq. Bundan əlavə, səs effekti tənzimləmə xüsusiyyəti olan “Boosts” isə beynin fokuslanmasına kömək edəcək.

Bu funksiyanın əsas imkanları:
- Nəfəs məşqləri (3-6 dəq.) – Stress və qan təzyiqinin azaldılmasına kömək edir.
- Boyun məşqləri (3-8 dəq.) – Uzun müddət ekran qarşısında işləyənlər üçün rahatladıcı effekt yaradır.
- Meditasiya (6-13 dəq.) – Zehni sakitləşdirərək fokuslanmanı artırır.
- Tam bədən məşqləri (7-15 dəq.) – Yorğunluğu aradan qaldırır və bədəni rahatladır.

“DeepSeek” Avstraliyada qadağan edildi!


Avstraliya hökuməti “DeepSeek”in dövlət qurumlarında istifadəsini qadağan etdi! Rəsmi açıqlamalara görə, bu qərar milli təhlükəsizlik riskləri səbəbilə verilib. Son dövrlərdə “DeepSeek” aşağı qiymətlə yüksək performans təklif edərək “OpenAI” kimi suni intellekt nəhənglərinə rəqib kimi çıxış edir. Lakin, istifadəçi məlumatlarının işlənməsi ilə bağlı şübhələr, hökumətlərin narahatlığına səbəb olub.

DeepSeek istifadəçi məlumatlarını necə emal edir?
Hesabatlara görə, “DeepSeek” istifadəçilərin IP adreslərini, yazışma tarixçəsini, yüklədiyi sənədləri və hətta klaviatura istifadə vərdişlərini qeydə alır. Bu faktorlar onunla bağlı narahatlıqları daha da artırır.

ABŞ-də bu məsələyə qarşı addımlar atıb. ABŞ Hərbi Dəniz Qüvvələri “DeepSeek”in istifadəsini tamamilə qadağan edib. Bundan əvvəl “Huawei” və “TikTok” kimi Çin mənşəli platformalar da ABŞ və Avstraliya tərəfindən məhdudlaşdırılmışdı.

Yanğınları səs dalğaları ilə söndürmək mümkündür!

2015-ci ildə “George Mason” universitetinin tədqiqatçıları aşağı tezlikli səs dalğalarından istifadə edərək yanğınları söndürən texnologiya hazırlayıblar. 30-60 Hz diapazonunda səs dalğaları oksigeni yanacaqdan ayıraraq yanğını təhlükəsiz və ekoloji cəhətdən təmiz bir formada söndürür. Bu üsul kimyəvi maddələrdən istifadə etmədən maddi itkiləri minimuma endirərək yanğınlarla mübarizədə inqilabi həll ola bilər.

Bu texnologiyanın üstünlükləri:
- Kimyəvi maddəsiz və ekoloji cəhətdən təmizdir.
- Su və köpüklü söndürmə üsullarına nisbətən əşyalar üçün daha az zərərlidir.
- Tətbiq sahəsi genişdir: evlərdən tutmuş sənaye obyektlərinə qədər istifadə edilə bilər.

Bu texnologiya xüsusilə meşə yanğınları, fabrik və ev yanğınları kimi hallarda əhəmiyyətli rol oynaya bilər. Son vaxtlarda Los-Ancelesdə baş verən dağıdıcı yanğınlar kimi hadisələr zamanı belə bir innovasiya ciddi dəyişiklik yarada bilərdi.

Süni ümumi intellekt – “AGI” gözləniləndən daha tez gəlir!

“SoftBank” CEO-su Masayoshi Son süni ümumi intellektin – “AGI” gözlədiyindən daha erkən reallaşacağını açıqlayıb! “SoftBank” sadəcə “OpenAI”nin $500 milyardlıq “Project Stargate” layihəsinə investisiya qoymur, həm də "Cristal Intelligence" adlı yeni AI sistemi ilə biznes dünyasını dəyişməyə hazırlaşır.

Yeni AI sisteminin məqsədi:
- Gündəlik işləri avtomatlaşdırmaq
- Milyonlarla iş axınını sürətləndirmək
- Böyük şirkətlər üçün süni intellekt imkanlarını artırmaq

“SoftBank” və “OpenAI” bu texnologiyanı ilk olaraq Yaponiyada iri bizneslərə təqdim edəcək.

Posted 
Feb 6, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All