Dünyanın oyun sənayesində fəaliyyət göstərən şirkətlərindən biri olan “Xsolla” Bakıda Tədqiqat və İnkişaf Mərkəzini fəaliyyətə başlayıb.
Mərkəz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə yaradılıb. Hazırda mərkəzdə 79 əməkdaş çalışır. Onların 95 faizini proqram təminatının hazırlanması üzrə mütəxəssislər təşkil edir. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanda İKT sahəsində ixtisaslı kadrların inkişafına və beynəlxalq oyun sənayesi üçün məhsulların hazırlanmasına dəstək verməkdir.

Şirkətin məlumatına görə, 2026-cı il ərzində Azərbaycanda bir inkubasiya proqramı və üç hakaton təşkil olunub. Bu təşəbbüslər çərçivəsində 35 oyun və 15 “gametech” startapın yaradılmasına dəstək göstərilib.

Bundan başqa, 14 yerli oyun studiyasının beynəlxalq tədbirlərdə iştirakı təmin edilib. Müxtəlif layihələrə göstərilən maliyyə dəstəyinin ümumi həcmi isə 100 min manata yaxın olub. Yeni mərkəzin fəaliyyəti ilə yerli oyun və “gametech” ekosisteminin genişləndirilməsi, mütəxəssislərin inkişafı və rəqəmsal məhsul və xidmətlərin xarici bazarlara çıxarılmasına imkanların artırılması gözlənilir.



