Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır.
Danimarkanın səhiyyə şirkəti Novo Nordisk yeni brend kimliyini təqdim edib. Şirkət gündəlik fəaliyyətində bundan sonra “Novo” adından istifadə edəcək. Bununla yanaşı, şirkətin hüquqi adı “Novo Nordisk” olaraq qalacaq.
Yeni brend yanaşması “The Novo Way” adlanır. Şirkətin əsas mesajı isə “Sağlam gələcək bu gündən başlayır” (“Lasting Health Starts Now”) ifadəsidir. Yeni yanaşmada insanların sağlamlığında gündəlik həyatda hiss olunan dəyişikliklərə və uzunmüddətli nəticələrə diqqət yetirilir.
Yenilənmiş vizual kimlikdə şirkətin tarixini əks etdirən Apis öküzü loqosu qorunub. Bununla yanaşı, brendin ümumi görünüşü daha müasir formada təqdim edilir. Novo bu dəyişikliklə şirkətin fəaliyyətini və əsas prinsiplərini daha aydın şəkildə ifadə etməyi hədəfləyir.
Şirkətin prezidenti və baş icraçı direktoru Mike Doustdarın sözlərinə görə, diabet və piylənmə kimi sahələrdə əhəmiyyətli irəliləyişlər olsa da, qarşılanmamış müalicə ehtiyacları hələ də qalır. O bildirib ki, insanların səhiyyədən gözləntiləri dəyişir və tibbi xidmətlər onların gündəlik həyatına daha çevik uyğunlaşmalıdır.
“The Novo Way” çərçivəsində şirkət fəaliyyətini dörd əsas prinsip üzərində qurur. Bunlara pasiyent ehtiyaclarının ön planda saxlanılması, yüksək performans və rəqabət üstünlüyü, daha sadə iş prinsipləri, eləcə də qayğı və dürüstlük daxildir. Şirkət pasiyent təhlükəsizliyi və etik prinsiplərin əsas prioritetlərdən biri olaraq qalacağını bildirir.
Novo 1923-cü ildə təsis olunub və baş ofisi Danimarkada yerləşir. Şirkətin təxminən 68 800 əməkdaşı var. O, 80 ölkədə fəaliyyət göstərir, məhsulları isə təxminən 170 ölkədə təqdim olunur. Şirkət Azərbaycanda da 30 ilə yaxındır fəaliyyət göstərir. Yerli fəaliyyət çərçivəsində əsas diqqət diabet, artıq çəki və piylənmə ilə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklərlə bağlı maarifləndirmənin artırılmasına yönəlib.
Novo-nun yeni brend mərhələsi ilə şirkət səhiyyə sahəsində fəaliyyətini daha çevik şəkildə davam etdirməyi və insan sağlamlığı ilə bağlı uzunmüddətli məqsədlərə fokuslanmağı planlaşdırır.



