Dünyanın ən nüfuzlu texnologiya tədbirlərindən biri olan CES 2026 ABŞ-ın Las-Veqas şəhərində işinə başlayıb.
Yanvarın 9-dək davam edəcək sərgidə yüzlərlə qlobal texnologiya şirkəti ilin əsas yeniliklərini, gələcək planlarını və yeni məhsullarını təqdim edir. CES hər il istehlak texnologiyalarının istiqamətini müəyyən edən əsas platformalardan biri hesab olunur.

Bu ilki sərgidə Nvidia, AMD, Samsung, LG, Sony, Intel, Qualcomm, Honda, Mercedes-Benz kimi aparıcı brendlər iştirak edir. Şirkətlər yeni nəsil çiplər, süni intellekt əsaslı proqram və avadanlıqlar, noutbuklar, televizorlar, ağıllı ev sistemləri və avtomobil texnologiyalarını nümayiş etdirirlər. CES 2026-da həm istehlakçılar üçün nəzərdə tutulan hazır məhsullar, həm də hələ konsept mərhələsində olan texnologiyalar diqqət mərkəzindədir.


Süni intellekt bu il də sərginin əsas mövzularından biridir. AI artıq təkcə proqram təminatı ilə məhdudlaşmır, robotlar, məişət texnikası, avtomobillər və fərdi cihazların ayrılmaz hissəsinə çevrilir. LG və Sony ağıllı ev robotları və avtomobil texnologiyalarını nümayiş etdirir, Samsung isə OLED ekranlar və AI inteqrasiyalı cihazlarla çıxış edir. Nvidia və AMD yeni hesablama platformaları ilə AI və oyun sahəsində performans artımını ön plana çıxarır.

Robototexnika və avtonom texnologiyalar da CES 2026-nın əsas istiqamətlərindəndir. Ev köməkçisi robotlar, təhsil və ictimai məkanlar üçün nəzərdə tutulan humanoid sistemlər, eləcə də avtonom idarəetmə həlləri sərgidə geniş yer tutur. Avtomobil istehsalçıları və texnologiya şirkətləri sürücüsüz nəqliyyat vasitələri, infotainment sistemləri və avtomobil içi süni intellekt təcrübələrini təqdim edirlər.



