“Epic Games”in “Apple”a qarşı illərlə davam edən mübarizəsi şirkətə 1 milyard dollardan çox ziyan vurdu. CEO - Tim Sweeney bu rəqəmi təsdiqləyərək mübarizənin nəticələrinin buna dəyər olduğunu bildirib. Xatırladaq ki, “Epic Games” 2020-ci ildə App Store-un 30%-lik komissiyasından yayınmaq üçün “Fortnite” oyununa öz ödəniş sistemini əlavə etmişdi.

“Apple” bu addıma cavab olaraq oyunu App Store-dan silmiş və iki tərəf məhkəmədə üz-üzə gəlmişdi. Məhkəmənin sonunda “Apple” əsasən qalib gəlsə də, məhkəmə şirkətin tətbiq daxilində alternativ ödəniş kanallarına icazə verməli olduğunu bildirdi. “Apple” bu qərarla razılaşmasa da, artıq komissiya ala bilməyəcək və bu qaydaları “Amazon” və “Spotify” kimi böyük şirkətlərə də tətbiq etmək məcburiyyətində qalmışdır.
T.Sweeney App Store-dan silinən “Fortnite”ın iOS platformasında cəmi iki il ərzində 300 milyon dollar qazandığını deyir. İndi “Epic Games” “Fortnite”ı App Store-a geri qaytarmağa çalışsa da, “Apple” hələlik bu məsələ ilə bağlı təsdiq verməyib.