Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“WhatsApp”a yeni bir xüsusiyyət gəlir!
Məlum olub ki, şirkət hazırda söhbət qabarcıqlarının rəngini fərdiləşdirmək üçün yeni funksiya üzərində işləyir. WaBetaInfo tərəfindən paylaşılan ekran görüntüsündə tətbiqin söhbət qabarcığında birbaşa rəng dəyişikliyi edilə biləcəyini görürük. Qeyd etmək lazımdır ki, WhatsApp bu xüsusiyyəti hələlik sınaqdan keçirir. WhatsApp-ın tam olaraq hansı rəng palitrası təklif edəcəyi barədə dəqiq məlumat yoxdur.
“Fintexlər üçün regional mərkəzlər yaradılacaq”
Bu il Fintexlər üçün Bakı, Sumqayıt və Gəncədə regional mərkəzlərin yaradılması planlaşdırılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva Fintex Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, növbəti illərdə bu proses daha da genişləndiriləcək:
"Bundan başqa, Mərkəzi Bankla birlikdə qanunvericilik sahəsində də işlər görürük ki, maliyyə əlçatanlığı asanlaşsın. Bilirsiz ki, bununla bağlı Fond yaradılıb. Amma bu Fondla bağlı ödənişlərdə bəzən problemlər yaranır. Bu çətinliklərin aradan qaldırılması üçün mütləqdir ki, vencur investisiyaları üçün qanunvericilik əsası yaranmalıdır. Bununla paralel Azərbaycanda ikinci vençur fondun yaradılması ilə bağlı aktiv iş gedir”.
O qeyd edib ki, bu sektora investisiyaların qoyulması üçün mələk investisiya fondları da var:
“Artıq 3 belə Fond ölkəmizdə fəaliyyət göstərir. Mələk investor fondlarının aktivliyi ürəyimizcə olmasa da, daha aktiv olmalarını gözləyirik. Hazırda bizim əhatə etdiyimiz startapların 30-35 %-i fintex sahəsindədir. Bu da, təəcüblü deyil. Çünki indi ən aktiv sahə maliyyə sektorudur."
“OpenAI”ın həmtəsisçisi İlya Sutskever işdən çıxdı!
OpenAI-ın həmtəsisçisi, vaxtilə CEO Sam Altmanın işdən çıxarılmasında mühüm rol oynayan İlya Sutskever şirkət ilə yollarını ayırdığını açıqlayıb. Paylaşımında, OpenAI-ın onsuz bu günə gəlib çıxa bilməyəcəyini qeyd edən Sam Altman keçmiş menecerin diqqətini öz layihəsinə yönəldəcəyini bildirib.
Bir qrup TikToker qadağa səbəbi ilə ABŞ-ni məhkəməyə verib
Bir qrup məzmun yaradıcısı TikTok-a gələcək potensial qadağanın qarşısını almaq üçün ABŞ-ni məhkəməyə verib. Ədliyyə Departamentinin sözçüsü bildirib ki, hökumət qanunu məhkəmədə müdafiə etməyi səbirsizliklə gözləyir. Bununla belə, ByteDance TikTok üçün alıcı tapmağa çalışmaq niyyətinin olmadığını qeyd edib. Bunun əvəzinə, ByteDance qanunun konstitusiyaya zidd elan edilməsini istəyir.
Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqların əhatəli qiymətləndirilməsi aparılıb
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, qiymətləndirmənin məqsədlərindən biri Azərbaycanın beynəlxalq bençmarklarla, digər ölkələrlə müqayisədə hansı mövqedə olmasını müəyyən etmək olub.
"Bu, rəqəmsal bacarıqlarla bağlı həyata keçirdiyimiz təhsil layihələrini, proqramlarını daha hədəflənmiş şəkildə dizayn etmək üçün lazım idi. Qiymətləndirmə ümimilikdə 13 iqtisadi rayonda cəmiyyətin 4 kateqoriyası üzrə aparılıb. Birinci kateqoriyaya dövlət sektoru, ikinciyə özəl sektor, üçüncü kateqoriyaya universitetlər, təhsil sektoru, sonuncu kateqoriyaya isə ev təsərrüfatları daxil olub. Hazırda Beynəlxalq Telekommunikasiya İttifaqı hesabatın son dizayn işlərini aparır və bir neçə həftə sonra o ictimaiyyətə açıqlancaq", - deyə o qeyd edib.