Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Samsung Galaxy S25 Edge" nə vaxt gəlir?

"Samsung"un ən incə modeli olan "Galaxy S25 Edge"in rəsmi təqdimat tarixi 16 aprel olaraq açıqlanıb. Bu tarix qlobal təqdimat üçün nəzərdə tutulsa da, bəzi bölgələrdə fərqli ola bilər. Yeni smartfon ilkin olaraq ön sifarişə açılacaq və satışa çıxması may ayına qədər uzana bilər. Cihazın 6,6 düymlük AMOLED ekran, 12 GB RAM və Snapdragon 8 Elite prosessoru ilə gələcəyi gözlənilir.
"iPhone 17 Air"in batareya xüsusiyyətləri ortaya çıxdı!

"Apple"ın sentyabrda təqdim etməsi gözlənilən "iPhone 17 Air" modeli ilə bağlı yeni məlumatlar sızdırılıb. İddiaya görə, ultra nazik dizayna malik olmasına baxmayaraq, cihazda yüksək sıxlığa sahib batareya hüceyrələri istifadə ediləcək. Bu texnologiyanın "Apple"ın üzərində işlədiyi qatlanan "iPhone" modelində də yer alacağı bildirilir.
"GeForce Now"a 7 yeni oyun əlavə olundu!

"GeForce Now" bu həftə kitabxanasına 7 yeni oyun əlavə edib. Siyahıda oyun dünyasını fəth edən "Monster Hunter Wilds", eləcə də "Ghostrunner 2”, “Kingdom Come: Deliverance II" və "Split Fiction" kimi diqqətçəkən adlar yer alır. Oyunlar arasında "Dragonkin: The Banished", "FragPunk" və "Prey" də var. Bu oyunlar "Steam", "Epic Games Store", "EA App" və "Xbox Game Pass" vasitəsilə əlçatan olacaq.
"SpaceX"in "Starship" test uçuşunda partlayış baş verdi
"Starbase"dən buraxılan raketin birinci mərhələsi olan "Super Heavy" uğurla geri qayıtdı və “chopstick” adlı nəhəng qollar tərəfindən tutuldu. Lakin ikinci mərhələdə "Starship"in mühərriklərində yaranan nasazlıqlar səbəbindən nəzarət itirilib və aparat partlayaraq parçalanıb.
"Toyota" yeni elektromobilini satışa çıxardı

"Toyota" Çində keçirilən tədbirdə yeni elektrikli SUV modeli "bz3X"i təqdim etdi. Şirkətin ən ucuz elektrikli avtomobili olan "bz3X" cəmi 15 min dollar başlanğıc qiyməti ilə alıcılara təklif olunur.