Azərbaycanda xarici onlayn platformalardan mal sifariş edərək ölkəyə gətirən sahibkarlar üçün vergi məhdudiyyətinin aradan qaldırılması təklif olunur.

Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklik layihəsinə əsasən, platformalar vasitəsilə alınan və “Smart Customs” sistemi ilə ölkəyə gətirilən malların alış xərclərinə tətbiq edilən 2%-lik limit ləğv edilə bilər.

Hazırda Vergi Məcəlləsinin 109.8-ci maddəsinə görə, vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında əldə edilən malların dəyəri üzrə gəlirdən çıxıla bilən xərclərə 2%-lik məhdudiyyət tətbiq olunur. Bu həddi aşan məbləğ sahibkarın vergiyə cəlb olunan gəlirindən çıxıla bilmir.

Təklif olunan dəyişiklik qəbul edilərsə, xarici onlayn platformalardan sifariş edilərək “Smart Customs” vasitəsilə rəsmiləşdirilən mallar bu məhdudiyyətdən istisna olunacaq. Beləliklə, onlayn satışla məşğul olan sahibkarlar həmin malların alışına çəkdikləri xərcləri gəlirdən çıxararkən 2%-lik limitlə məhdudlaşmayacaqlar.

Qeyd edək ki, dəyişiklik hələlik qanun layihəsi mərhələsindədir. Təklifin qüvvəyə minməsi üçün Vergi Məcəlləsinə müvafiq düzəliş qanunvericilik qaydasında qəbul edilməlidir.

‍

Posted 
Nov 5, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All