Azərbaycanda ilk oyun akseleratoruna müraciətlər başladı.
Azərbaycanda ilk dəfə keçirilən Xsolla–İRİA Game Accelerator proqramına müraciətlərin qəbulu başlayıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə qlobal oyun sənayesi platforması Xsolla tərəfindən həyata keçirilən proqram işlək prototipə malik PC oyun studiyaları və inkişaf etdirici komandalar üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi yerli oyun studiyalarının beynəlxalq bazara çıxışını sürətləndirmək və onların qlobal oyun ekosisteminə inteqrasiyasını dəstəkləməkdir.
Proqrama seçilən komandalara 5 000 ABŞ dolları həcmində inkişaf qrantı təqdim olunacaq. Bundan əlavə, iştirakçılar beynəlxalq oyun sənayesi mütəxəssislərindən mentorluq dəstəyi alacaq, praktiki vörkşoplarda iştirak edəcək, məhsullarını investor və naşirlərə təqdim etmək üçün fərdi təqdimat (pitch) hazırlığı keçəcəklər.
Akseleratorun ən mühüm üstünlüklərindən biri iştirakçılara ABŞ-ın San-Fransisko şəhərində keçirilən Game Developers Conference (GDC) sərgisində layihələrini beynəlxalq naşirlər, investorlar və potensial tərəfdaşlar qarşısında təqdim etmək imkanı yaratmasıdır. Bu, yerli oyun studiyalarının xarici bazarlara çıxışı və investisiya cəlb etməsi baxımından əhəmiyyətli fürsət hesab olunur.
Təşkilatçılar bildirirlər ki, proqram çərçivəsində hazırlanan oyunların və digər məhsulların intellektual mülkiyyət hüquqları tam şəkildə komandaların özündə qalacaq. Proqrama müraciət etmək istəyən studiya və komandalar üçün son müraciət tarixi 17 avqust 2026-cı il müəyyən edilib.



