Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı keçirilib.
Layihə Azərbaycan Beynəlxalq Bankının (ABB) Özbəkistanın Davr Bankının əsas nəzarət səhm paketini əldə etməsi əsasında həyata keçirilir.
“ABB Davr” Özbəkistanın bütün regionlarında fərdi və korporativ müştərilərə bank xidmətləri göstərməyi planlaşdırır. Bankın fəaliyyətində rəqəmsal bankçılıq həllərinə, süni intellekt əsaslı texnologiyalara və müasir maliyyə xidmətlərinə xüsusi diqqət ayrılması nəzərdə tutulur. Kiçik və orta biznes subyektləri üçün maliyyələşdirmə məhsullarının təqdim edilməsi də əsas istiqamətlərdən biri olacaq.

Layihənin həyata keçirilməsi Azərbaycan və Özbəkistan arasında maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətli addım hesab olunur. ABB-nin Özbəkistan bazarına daxil olması bankın regional fəaliyyətini genişləndirməsinə və yeni müştəri bazasına çıxış əldə etməsinə imkan yaradır.
“ABB Davr” layihəsi ABB-nin 2026–2028-ci illər strateji inkişaf planında nəzərdə tutulan coğrafi genişlənmənin ilk mərhələsi kimi təqdim edilir. Bank gələcəkdə rəqəmsal texnologiyalar və innovativ maliyyə həlləri vasitəsilə Özbəkistan bazarında mövqeyini gücləndirməyi hədəfləyir.



