2025-ci ildə süni intellekt sahəsinin sürətli inkişafı yeni milyarderlərin yaranmasına səbəb olub.
Forbes-in araşdırmasına görə, İl ərzində AI modelləri, infrastruktur və gündəlik istifadəyə yönəlik tətbiqlər quran sahibkarlar böyük sərvətlər əldə etdi və bu proses nəticəsində 50-dən çox yeni milyarder ortaya çıxıb.
İlin əvvəlində Çinli DeepSeek startapının açıq mənbəli AI modeli bazarlarda ciddi təsir yaradıb. Şirkətin daha az hesablama gücü ilə hazırlanmış texnologiyası investorların diqqətini cəlb edib və qurucu Liang Wenfeng-in sərvəti təxminən 11,5 milyard dollar səviyyəsində qiymətləndirilib.
Anthropic şirkəti isə Claude modeli ilə 2025-ci ildə böyük investisiya cəlb edən əsas oyunçulardan biri olub. Şirkət il ərzində 16,5 milyard dollar maliyyələşmə toplayıb, sentyabr ayında dəyərləməsi 183 milyard dollara çatıb və bu inkişaf yeddi həmtəsisçinin hamısını milyarder statusuna yüksəldib. Məlumatlara görə, investorlar il ərzində AI sektoruna 200 milyard dollardan çox vəsait yönəltdi və bu sahə qlobal startap maliyyələşməsinin təxminən yarısını təşkil etdi.
AI infrastrukturuna qoyulan sərmayələr də artıb. ABŞ-də elan edilən 500 milyard dollarlıq “Stargate” data mərkəzi layihəsi, eləcə də Meta, Alphabet və Microsoft kimi şirkətlərin böyük həcmdə investisiyaları yarımkeçirici və data mərkəzi texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin dəyərlərini yüksəldib və bu sektorda da yeni milyarderlər meydana çıxıb
Bununla yanaşı, AI sahəsində ixtisaslı kadrlar uğrunda rəqabət güclənib. Meta-nın Scale AI-də pay alması və digər məlumat etiketləmə startaplarına artan maraq gənc sahibkarların sərvətlərinin sürətlə artmasına gətirib çıxarıb.



