18 yaşında Londonda təhsilini yarımçıq qoyub startap qurdu, indi 4 milyon dollar investisiya aldı
18 yaşında Londonda yerləşən University College London-da (UCL) təhsilini yarımçıq qoyan azərbaycanlı Selin Talishinska həkim Dr. Chad Okay ilə birlikdə bağırsaq sağlamlığının izlənməsi üzrə Suna Health startapını qurub. Şirkət pre-seed investisiya mərhələsində təxminən 4 milyon dollar maliyyə cəlb edib.
Suna Health qarın nahiyəsinə yapışdırılan sensor vasitəsilə mədə-bağırsaq sisteminin fəaliyyətini davamlı izləməyi nəzərdə tutan taxılan cihaz hazırlayır. Şirkətin texnologiyası süni intellekt və maşın öyrənməsi vasitəsilə həzm prosesini, bağırsaq fəaliyyətini, qida ilə əlaqəli göstəriciləri və yuxu zamanı bərpa prosesini analiz edir.

Cihazın texniki imkanları arasında akustik sensor, 200 saata qədər işləyə bilən batareya və bağırsaq səslərini real vaxt rejimində təsnif edən cihazdaxili maşın öyrənməsi sistemi yer alır. Bu yanaşma mədə-bağırsaq fəaliyyətinin ənənəvi müşahidə üsullarından fərqli olaraq gündəlik həyat şəraitində daha davamlı izlənməsinə imkan verməyi hədəfləyir.
Startapın məhsuluna marağın da yüksək olduğu bildirilir. Hazırda Suna Health-in gözləmə siyahısında 20 mindən çox insanın olduğu qeyd olunur. Cəlb edilən yeni investisiyanın şirkətin məhsulunun hazırlanması və texnologiyanın inkişaf etdirilməsi üçün istifadə olunacağı gözlənilir.



