Vaxtilə Azərbaycanda dövriyyədə olan 50 min manatlıq əskinas kolleksiyaçıların diqqətindədir
Vaxtilə Azərbaycanda dövriyyədə olan 50 min manatlıq əskinas bu gün numizmatlar və kolleksiyaçılar üçün maraqlı nümunələrdən biri hesab olunur. 1996-cı ildə dövriyyəyə buraxılan əskinas 2006-cı ilə qədər istifadə edilib və daha sonra manatın denominasiyası ilə dövriyyədən çıxarılıb.
Yaşıl rəngdə hazırlanmış əskinasın üzərində Azərbaycanın tarixi memarlıq abidələrindən olan Möminə Xatun türbəsi təsvir edilib. Əskinasın digər diqqətçəkən xüsusiyyətlərindən biri seriya nömrələrinin fərqli rənglərdə göstərilməsidir. Belə ki, nömrə solda qırmızı, sağda isə qara rəngdə qeyd olunub.

Numazmat Fərhad Məmmədovun sözlərinə görə, 50 min manatlıq əskinasların kolleksiya bazarındakı qiyməti əsasən onların fiziki vəziyyətindən, seriyasından və nadirliyindən asılı olaraq dəyişir. Dövriyyədə olmuş və istifadə izləri olan nümunələr təxminən 15–20 manata, yeni və yaxşı vəziyyətdə qorunmuş nümunələr isə 140–160 manata təklif edilə bilər.
Xarici kolleksiya bazarlarında isə bəzi nümunələrin qiyməti daha yüksək ola bilir. Məmmədovun qeyd etdiyi nümunələrdən biri “eBay” platformasında 149 ABŞ dollarına, yəni təxminən 253 manata satılıb.
Bununla belə, köhnə əskinasın kolleksiya dəyəri yalnız nominalına və yaşına görə müəyyənləşmir. Əskinasın qorunma vəziyyəti, seriya xüsusiyyətləri və konkret kolleksiyaçı tələbi onun real bazar qiymətinə ciddi təsir göstərə bilər.



