Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı bu gün Bakıda start götürdü. Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab olunan müsabiqə “ICPC Foundation” təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ICPC Azərbaycan” icmasının əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə keçirilir.

1 sentyabrda keçirilən açılış mərasimində ICPC Fondunun prezidenti Vilyam B. Pouçer və 49-cu dünya finalının direktoru Fuad Hacıyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. ADA Universitetinin rektoru Hafiz Paşayev tədbirin ölkədə IT sahəsinin inkişafında dönüş nöqtəsi olacağına əminliyini ifadə edib.

Mərkəzi Bankın sədri Taleh Kazımov gənclərin bu təcrübəni ölkənin texnoloji gələcəyinə yönəldəcəyini qeyd edib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov isə tədbirin sadəcə yarışma olmadığını, həm də gənc beyinlərin təcrübə mübadiləsi üçün mühüm platforma yaratdığını bildirib.

Bu il ilk dəfə Azərbaycan dünya finalında iki komanda ilə təmsil olunur – ADA Universiteti və Bakı Ali Neft Məktəbi (BANM). Dünya finalında ümumilikdə 70 ölkədən 140 komanda iştirak edir.

ICPC müsabiqəsi ilk dəfə 1970-ci illərdə ABŞ-da keçirilib və bu gün ali təhsil müəssisələri arasında proqramlaşdırma və problem həll etmə bacarıqlarını sınayan ən böyük tədbirlərdən biridir. 2024-cü ildən İRİA, ADA Universiteti və ICPC Azərbaycan icmasının birgə əməkdaşlığı ilə ölkəmizdə hazırlıq proqramları və təlimlər təşkil olunur.

Posted 
Sep 2, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All