Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları üçün “İKT Karyera Sərgisi” keçirilib. Tədbirə 900-dən çox gənc qatılaraq ölkənin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 20 dövlət və özəl qurumun nümayəndələri ilə birbaşa ünsiyyət imkanı əldə edib.
Açılışda çıxış edən İRİA-nın İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov sərginin İKT sektoruna verə biləcəyi töhfələrdən və gənclərin karyera inkişafında belə tədbirlərin rolundan danışıb. Daha sonra Dövlət Məşğulluq Agentliyinin sədr müavini Hasil Abbasov və “Bayraktar Teknoloji Azərbaycan”ın baş texnologiya direktoru Onur Ocak gənclər üçün təqdim olunan imkanları qiymətləndiriblər.
Tədbir çərçivəsində “Rəqəmsal Azərbaycan: Gənclərin rəqəmsal transformasiyada rolu” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, gənclərin bu prosesə qoşulma imkanları və rəqəmsal bacarıqların inkişafı kimi mövzular gündəmə gətirilib.
Paneldən sonra iştirakçılar şirkət stendlərini ziyarət edərək karyera imkanları barədə məlumat alıb, fərdi sınaq müsahibələrində iştirak edib və karyera məsləhətlərindən yararlanıblar. Tədbirin davamında “Talk session” görüşləri və “TechQuiz” yarışması təşkil olunub.
Sərgi şirkətlərə təşəkkürnamələrin təqdim edilməsi ilə başa çatıb. Tədbirin məqsədi İKT sahəsində təhsil alan gənclərin əmək bazarı ilə daha yaxından tanış olmasına, təcrübə və məşğulluq imkanlarının genişlənməsinə dəstək göstərmək, həmçinin şirkətlər üçün istedadlı gənclərin müəyyən olunması üçün platforma yaratmaq olub.



